\
20 Sentyabr 2024 - Cümə

ADGTT-da Yeni ilin ilk premyeraları

ADGTT-da Yeni ilin ilk premyeraları
1780baxış

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni, 2018-ci ilin ilk ayında bir-birindən maraqlı, mövzu və məzmunca fərqli premyeralarla tamaşaçıların görüşünə gəlir.

Mediapress.az xəbər verir ki, teatr yanvar ayında sənətsevərləri sevimli aktyorları ilə görüşdürməklə bərabər həm də səhnədə aktyorların ifasında düşündürücü, dərin, psixoloji məqamlarla dolu tamaşaları təqdim edəcək.

Belə ki, teatr yanvarın 9-u Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunacaq . Tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.

Yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam” tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşcu rejissoru Xalq artisti Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir. Ömrün yaşanan illərinə xatirə pəncərəsindən hər an boylanan Zelda, gah xoşbəxtdi, gah bədbəxt. O, gah gülür gah göz yaşlarında boğulur. Teatrın səhnəsində ilk dəfə oynanılan tamaşalardan biri də Rövşən Ağayevin, Asiman Ağa Rövşənin quruluşunda “Sonluğun sonu” mono-tamaşasıdır. Tamaşa aktrisa Küşvər Şərifovanın ifasında yanvarın 16-da nümayiş olunacaq. Səhnə əsərində tənha, qoca qadının həyatı boyu keçirdiyi sarsıntılar, nəhayət bir ananın böyük sevgi etirafları olduğca maraqlı ştrıxlərlə canlandırılıb. Yanvarın 11-də Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun “ “Dəlinin qeydləri” əsərinin rejissoru Xalq artisti Cənnət Səlimovadır. Yanvarın 12-də isə rejissor Mehriban Ələkbərzadənin quruluşunda və Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın “Cəza” tamaşası nümayiş olunacaq. Yanvarın 17-də Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin “İdiot” tamaşası ilə baş tutacaq premyeralar sevilən aktyorları öz tamaşaçıları ilə görüşdürəcək.

Bir sözlə ADGTT-nın aktyorları tamaşaçı ilə təkbətək qalmaga hazırdırlar. Çünki deməyə sözü, sərgiləməyə sənətləri var. Premyeralar axşam saat 19:00-da teatrın “Kiçik səhnə”sində nümayiş olunacaq.