Mədəniyyət naziri Anar Kərimov mədəniyyət xadimləri ilə Qara Qarayevi andılar - FOTOLAR
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Mediapress.az xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov, nazirliyin rəhbərliyi və mədəniyyət xadimləri I Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət ediblər.
A.Kərimov bildirib ki, Q.Qarayevin yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti tarixində parlaq səhifələri təşkil edir: "Milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin ənənələrini yeni səviyyədə davam etdirən Qara Qarayev öz yaradıcılığı ilə əsl sənət məktəbi yarada bilib. Bəstəkar XX əsrin elə parlaq simalarındandır ki, onun istedad və sənətkarlığı Azərbaycan musiqi sənətinin inkişaf mərhələlərini müəyyən edib.
"Yaradıcı insanın əməyinə şübhəsiz ki, onun əsərlərinin sayı ilə yox, dünyaya tanıtdığı musiqilərin yüksək bədii keyfiyyəti ilə qiymət verilir. Bəzən bəstəkarın yaradıcılığında elə bir əsər olur ki, bu əsər tarixə düşür. Azərbaycan musiqisinin uğuru ondadır ki, Qara Qarayevin onlarla belə qiymətli əsərləri vardır. Qara Qarayev yaradıcılığının tarixi əhəmiyyəti bundadır ki, o, Azərbaycan xalq musiqisini ümumbəşəri musiqi nailiyyətləri ilə qarşılaşdırmış, onun sintezini yaratmış və bunu parlaq şəkildə nümayiş edib", - nazir bildirib.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi Q.Qarayevin tələbəsi olmadığı üçün təəssüf etdiyini bildirib: "Böyük sənətkarın əsərləri nə qədərki səslənir, ifa edilir o qəlbimizdə olacaq. Azərbaycan durduqca onun əsərləri mədəniyyətimizdə əsas yeri tutacaq və nümunə olacaq".