\
24 Noyabr 2024 - Bazar günü

“Dünya tək bir dövlət olsaydı, İstanbul paytaxt olardı” - Qalata qülləsi - Reportaj - FOTOLAR

“Dünya tək bir dövlət olsaydı, İstanbul paytaxt olardı” - Qalata qülləsi - Reportaj - FOTOLAR
1860baxış

İstanbul – Bosfor Boğazının sahillərində,  Avropa və Asiya qitələrinin arasında yerləşən, Türkiyənin ən böyük şəhəridir. İstanbul sözü yunanca Stan və Polis sözlərinin birləşməsindən yaranmış, tərcümədə “şəhərə gedirəm” deməkdir.

Boğazın hər iki tərəfinə yayılmış möhtəşəm təpələr şəhər sakinlərini və qonaqlarını daim valeh edir. Məhz elə bu gözəlliyə aşıq olmuş, dünya tarixinin ən əhəmiyyətli şəxslərindən biri olan Napoleon, “Dünya tək bir dövlət olsaydı, İstanbul paytaxt olardı” demişdir.  

Muzeyləri, kilsələri, sarayları, məscidləri, bazar yerləri və təbii gözəllikləri, bitməz tükənməz nüanslar təqdim etməkdədir İstanbul!

Fatih - İstanbulun mərkəz hissəsi və əsas turistik bölgəsidir. Ən məşhur turist dairəsi – Sultanahmet, Sofiya Kafedralı, Hipodrom və onlarla digər nadir tarixi abidələr YUNESKO-nun Dünya İrs Siyahısındadır. Rayonun ən məhşur məhəllələri Sultanahmet, Eminönu, Aksaray və Laləlidir. Eminönü məhəlləsi qədim muzeyləri, məscidləri və əfsanəvi ədviyyat bazarı olan “Mısır Çarşısı” də daxil olmaqla bir çox bazarları ilə məhşurdur.

Beyoğlu müasir İstanbulun əsas mədəni, ticarət və əyləncə mərkəzi olan yeni bir şəhərdir. Karaköy, Qalatasaray və Taksim – ən yaxşı mağazalar, sənət qalereyaları, antik mağazalar və qəhvə dükanları ilə daima turistləri cəlb edib. Bura təkcə türklər üçün deyil, yəhudi və xristian icmalarının nümayəndələri üçün evə çevrilmiş çoxmillətli bir regiondur. Pandemiyaya kimi Beyoğlunun gündəlik bir milyondan çox ziyarətçisi olur. Rayonun mərkəzi Taksim meydanı bir çox avtobus terminalı və metro xəttinin dayanacağıdır. 

Beşiktaş da İstanbulun Bosfor boğazının Avropa sahillərində yerləşən prestijli rayonudur. Burada Ortaköy, Sinan Paşa Məscidi, Yıldız və Dolmabahçe Sarayları, Barbaros Meydanı yerləşib. İlk olaraq İstanbula gələn hər bir turist dərhal 2 tarixi və dini abidəsi olan məşhur meydana üz tutur: Sultan Ahmet və Aya Sofya. 

QALATA QÜLLƏSİ 

Amma bu gün sizlərə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərkibində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi tərəfindən azərbaycanlı jurnalistlər üçün təşkil edilmiş Qalata Qülləsi səfərindən bəhs edəcəyik. 

Bir qrup azərbaycanlı jurnalistləri İstanbulun tarixi məkanları ilə yaxından tanış edən TİA-nın əməkdaşının dediyinə görə, dünyanın ən qədim tarixi abidələrindən hesab edilən Qalata 528-ci ildə Bizans imperatoru Anastasius tərəfindən gəmilər üçün fənər qülləsi olaraq inşa edilib. 1204-cü ildə IV Səlib yürüşü zamanı ağır zərbələr alan qüllə 1348-ci ildə Cenevizlilər tərəfindən “İsa Qalası” adı ilə bərpa olunub. 1445-1446-cı illərdə burada qüllə ucaldılıb.

TİA-nın əməkdaşının açıqlamasına görə, İstanbulun Osmanlılar tərəfindən işğalından sonra - 1453-cü il mayın 29-da Qalata qülləsinin açarı Cenevizlilər tərəfindən Fatih Sultan Mehmetə təqdim edilib. Həmin il iyunun 1-də isə qüllə tamamilə Osmanlı İmperatorluğuna təslim olunub. 

"Qüllə 1509-cu ildə baş verən və osmanlılar tərəfindən “kiçik qiyamət” adlandırılan zəlzələ zamanı ciddi zərər görüb. Lakin o zamanın tanınmış memarlarından biri olan Hayreddin tərəfindən yenidən qurulub. Osmanlı Sultanı III Muradın dövründən 1579-cu ilədək qüllə rəsədxana kimi fəaliyyət göstərib. XVI əsrdə isə İstanbulun Kasımpaşa limanında işləyən xristian müharibə əsirlərinin sığınacağı olub", - deyə jurnalistlərə Qalata qülləsinin tarixi haqda geniş məlumat verən əməkdaş əlavə etdi ki, XVII əsrin birinci yarısında dövrün elm adamlarından olan Hazerfen Ahmet Çelebi taxtadan düzəltdiyi qartal qanadları ilə Qalata qülləsindən İstanbulun Üsküdar istiqamətində uçub. Bu uçuş avropalıların marağına səbəb olub. Dünyanın bir çox yerində bu hadisə ilə bağlı hələ də yazılar və videogörüntülər saxlanılır.

1717-ci ildə İstanbulda tez-tez baş verən yanğınlar səbəbindən Qalata yanğına nəzarət qülləsi olaraq istifadə olunmağa başlayıb. Buna baxmayaraq, XVII əsrin ortalarında və 1831-ci ildə qüllədə baş verən iki yanğın nəticəsində o, ciddi zərər görür. 1875-ci ildə İstanbulda baş vermiş güclü fırtına isə qüllənin üst hissəsini tamamilə dağıdır. 1965-1967-ci illərdə tikilinin dağılmış hissəsi yenidən inşa edilir və Qalata qülləsi hazırkı görünüşünü alır.

Əzəməti ilə seçilən qüllənin hündürlüyü 67 metrdir. Qüllənin zirzəmisində yerləşən çuxurlarda aparılan araşdırmalar zamanı burada insan sümüklərinə rast gəlinib. Bu da bir vaxtlar qüllənin zirzəmisinin zindan kimi istifadə edildiyini göstərir. Aparılan hesablamalara görə, bu tarixi tikilinin çəkisi 10 min tondur.

TİA-nın əməkdaşı bildirdi ki, Qalata qülləsi ilə bağlı bir çox rəvayətlər var. Onlardan biri, romalılar dövründən günümüzədək gəlib çatan hekayəyə görə, Qalata qülləsinə bərabər çıxan iki sevgili qarşılarına çıxacaq bütün çətinliklərə baxmayaraq, evlənir. Lakin əfsanəyə görə, sevgililərdən biri qülləyə daha əvvəl çıxıbsa, onda bu tilsim pozulur.

Əlavə edək ki, İstanbulun ən əhəmiyyətli memarlıq nümunələrindən biri olan Qalata qülləsinin yerləşdiyi tarixi Qalata bölgəsi romalıların zamanında şəhərin 14 məhəlləsindən 13-sü olub. Böyük Konstantinin vəfatından sonra burada dəfn edilməsini istəməsi bu yerin o vaxtlar necə vacib məkan olduğuna işarədir.

Bu tarixi tikilinin möhtəşəmliyi yüksək nöqtəsindən İstanbul sahili başda olmaqla, Haliç bölgəsi və boğaza gözəl mənzərə açılmasıdır. 

Könül Aypara

Xüsusi olaraq Mediapress.az üçün

#GoTürkiye

#OnlyInTürkiye

#ReTurkey

#SafeTourism

#ReadyAndSafeTürkiye

#SafeTourismTürkiye