“Bizi intihar etmək səviyyəsinə çatdırıblar, artıq nə edəcəyimizi bilmirik” - Eksklüziv
“İrəvan teatrının direktoru elə düşünür ki, mənim kiminsə vəzifəsində gözüm var. Əsla elə deyil. Mən yaradıcı insanam, yeganə istəyim sevdiyim peşə ilə məşğul olmaqdır.” Bu sözlərin müəllifi redaksiyamıza təşrif buyuran İrəvan Dövlət Teatrının aktyoru Əjdər Zeynalovdur. O, aktyor həmkarı Elçin Hacı ilə birlikdə redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. Onlar teatrın direktoru İftixar Piriyev tərəfindən qanunsuz olaraq işdən azad olunduqlarından şikayət edirlər. Şikayətçilərin iddiasına görə, hər iki aktyor teatrda uzun müddətdir davam edən intriqaların, daxili çəkişmələrin qurbanı olublar.
Aktyor Əjdər Zeynalov 1989-cu ildən adıçəkilən teatrda çalışdığını bildirərək, hər zaman nümunəvi işçi olduğunu deyib: “Ötən ilin 02 oktyabr tarixinə qədər başımı aşağı salıb yaradıcılıq fəaliyyətimlə məşğul olmuşam. Həmin gün guya işə 30 dəqiqə gecikmişəm. Töhmət, arxasınca, şiddətli töhmət alıb, işdən azad edilmişəm. Əvvəla, bildirməliyəm ki, həmin gün mən işə gecikməmişdim, bunu həmkarlarım da bilir. Hətta gecikmiş olsaydım belə, cəmi bir fakta görə adamı işdən qovmazlar”. Daha sonra Ə.Zeynalov bu hadisədən dərin stress keçirdiyini bildirib: “Nə edəcəyimi bilmirdim. Hara müraciət edirdimsə, işimə bərpa oluna bilmirdim. Nə də başqa bir teatrdan iş təklifləri gəlmirdi. Məcburiyyət qarşısında qalıb teatrın müdirini Binəqədi rayon məhkəməsinə verməli oldum. Çünki işsiz qalmışdım, indiki çətin bir dövrdə yeganə gəlir mənbəyimin kəsilməyi məni pis vəziyyətə salmışdı”. Məhkəmənin birinci instansiyasının qərarı ilə şikayəti təmin olunan Ə.Zeynalov sevincinin uzun sürmədiyini bildirib: “Qarşı tərəfin appelyasiya şikayəti birinci instansiyanın qərarını ləğv etdikdə, əlim-ayağım yerdən üzüldü, bütün ümidlərim puça çıxdı. Mən yerdə qalan ömrümü məhkəmələrdə çürüdə bilmərəm. Həyat yoldaşım ikinci qrup əlildir. Evdə işləyən yeganə adam mənəm. 200 manat əməkhaqqı alırdım. Çətin də olsa, birtəhər dolanırdım. Yeddi aydır ondan da məhrum ediblər məni. Hər kəs əlini ürəyinin üstə qoyub düşünsün, bu vəziyyətdə mən nə edə bilərəm. Artıq səbrim və ümidim tükənib. Bizi intihar etmək səviyyəsinə çatdırıblar, artıq nə edəcəyimizi bilmirik”.
Daha sonra söhbətə qoşulan aktyor Elçin Hacı da həmkarının sözlərini təsdiqləyərək deyib: “Əjdər müəllimin haqlı mövqeyini müdafiə etdiyim üçün İftixar Piriyev məni də eyni qaydada işdən azad edib. Bir neçə aydır işsizəm. Şikayət etmədiyim instansiya, döymədiyim qapı qalmayıb. Sanki kimsə qapıları üzümüzə bağladır. Gənc perspektivli kadram, səmərəli vaxtımı sənətimə həsr etmək əvəzinə, yersiz mübarizələrə sərf edirəm. Bu kimə lazımdır? Mənim heç bir iddiam olmayıb, ola da bilməz. Yeganə istəyim odur ki, sənətim üzrə işlə təmin olunum, birtəhər dolanım. Biz aktyorlar kövrək insanlarıq, hər zərbədən sarsılırıq. İndi siz deyin, biz intiharmı edək? Düzü, bu barədə düşünmürəm desəm, yalan olar. “Bıçaq sümüyə dirənib” məsəli tam bizim vəziyyətimiz üçün deyilib. Ümidvaram ki, bizim işsizlik problemimizi qısa zamanda həll edən tapılacaq. Biz heç kimlə düşmən deyilik və olmamışıq da, işimizə bərpa olunmaq və ya yeni işlə təmin olunmaq istəyirik”.
Hər iki şikayətlə bağlı İftixar Piriyevlə əlaqə saxladıq. İrəvan teatrının direktoru yaradıcı heyətlə birlikdə Türkiyəyə qastrol səfərinə yollandıqlarını bildirsə də, suallarımızı cavabsız qoymadı. “Onların işdən azad olunmasının səbəbi öz səhvləridir. Neçə dəfə otağıma çağırıb danlamışam, düz yola dəvət etmişəm, amma nəticəsi olmayıb. İndi qoy məhkəməyə müraciət edib gözləsinlər. Demokratik dövlətdə yaşayırıq, qanunlara hər kəs eyni qaydada tabe olmalıdır”- deyən İ.Piriyev 10 may tarixindən sonra Bakıya qayıdacaqlarını, bu barədə ətraflı məlumat verə biləcəyini bildirdi. Daha sonra Mediapress.az-ın “qarşılıqlı razılığa gəlmək mümkündürmü, çünki vəziyyət kritikdir” sualını teatr rəhbəri ümidverici cavablandırdı: “gələrik, ətraflı danışarıq”.
P.S. Mediapress.az kollektivi olaraq məqsədimiz problemin səbəbini araşdırmaqdan çox mümkün acı nəticələrin qarşısını almaqdır. Bu, təkcə jurnalist mövqeyi deyil, ilk növbədə vətəndaş mövqeyimizdir. Ümidvarıq ki, tərəflər tezliklə qarşılıqlı razılığa gələcəklər və konflikt dərinləşmədən həllini tapacaq. Məhz buna görə də şikayətçilərin bizə verdiyi video müsahibəni problemin konstruktiv həll üçün hələlik işıqlandırmırıq.