“Azerbaijan Fashion Week” rəsmi moda həftəsinin 7-ci mövsümü təşkil edildi - BAKIDA İNANILMAZ MODA GÜNLƏRİ! - FOTOLAR
Mayın 17-də Azərbaycanın ən möhtəşəm “Fairmont Baku Flame Towers” otelində “Azerbaijan Fashion Week” moda günlərinin açılışı baş tutdu. Yüksək səviyyədə hazırlanan VII açılış mərasimi əlbəttə ki, ilk öncə mətbuat nümayəndələrinə təqdim edildi. Belə ki, Mərakeşin Azərbaycandakı səfiri - Cənab Məhəmməd Adil Embarx, Fransanın Azərbaycandakı səfiri Xanım Oreliya Buşez, əcnəbi və yerli modelyerlər, həmçinin Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova “Azerbaijan Fashion Week”la bağlı fikirlərini bölüşüb, arzularını bildirdilər. İlk öncə sözə Xanım Oreliya Buşez başladı və o, fransız modelyer Patrik Bifyonu təqdim etdi.
“Mən artıq ikinci dəfədir ki, buradayam. Mən və komandam gözəl, rəngarəng dəfiləmlə gözlərinizi oxşamağa gəlmişik. Əslində, bu işdə şərikim olan Jil Dar Tyorla gəlməli idim. Sadəcə, onun işi çox oldu. Telefonla danışanda bildirdi ki. Fransada yağış yağır. Mən isə əvəzində dedim ki, Bakıda günəşli havada olduğuma görə şadam. Dəfiləmdə bu il yeniliklərim var. Moda elə bir şeydir ki, bizi dəyişdirir. Həmişə hazırladığım geyimlərdə qara rəngə üstünlük vermişəm. Patrik Bifyo markasını yaradanda uzun illər boyunca qadınlar bu geyimlərdən istifadə etsin, dəbdə qalsın deyə planlaşdırdım. Yəni demode olmasın. Mən bir rəqqas idim. Jurnalistlər mənə irad tuturdular ki, niyə bu kateqoriyaya daxil olursunuz? Deyirdim ki, elə bir geyimlər icad edəcəyəm ki, fərqlənəcəyəm və həmişə dəbdə olsun. İndi Fransada 22-ci modelyerlər sırasındayıq. Həmişə kolleksiyamda qara rənglərə üstünlük vermişəm. Bu il isə rəngarənglik görəcəksiniz”, - deyə açıqlama verən fransız modelyerdən sonra Mərakeşin səfiri söhbətinə başladı.
- Burada ikinci dəfədir ki, iştirak edirəm. Bu tədbirin beynəlxalq səviyyədə əks-səda verməsinə çox sevinirəm. Partnyor olduğumuza görə çox xoşbəxtəm. Bu dəfə mərakeşli ikonik dizayner gəlib. Adı Kərimdir. Özü Mərakeşdə doğulub böyüyüb, amma təhsilini Fransada alıb. Kərimin bu dəfəki kolleksiyası gündəlik stildən ibarətdir. O, bir modelyer kimi təkcə Mərakeşdə deyil, beynəlxalq səviyyədə tanınır. Ekspertlər bildirirlər ki, GUESS, ANTONESSA və s. Kimi bir çox məşhur markaların sahibləri əslən mərakeşlidir. Parisdə Kristian Diorun bu ilə qədər olan rəhbəri mərakeşli olub. Bugünkü təşkilatçılara, media nümayəndələrinə təşəkkürümü bildirirəm.
Mətbuat konfransında növbəti söz mərakeşli dizayner Kərimə verildi. O da “Azerbaijan Fashion Week”lə bağlı fikirlərini paylaşdı:
- Moda mənim üçün paylaşım deməkdir. Bu gün yanımda iki səfir əyləşib. Mərakeş həyatımda böyük rol oynayıb. Dünyada keçirilən moda həftələrini hər zaman izləyirəm. Gətirdiyim kolleksiya xüsusi parçalardan hazırlanıb. Mesajımı başa düşəcəksiniz.
Əcnəbilərdən sonra yerli modelyerlərimizin çıxışları oldu. Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Cəlal Kəngərli, Aytən, “Forte Fashion” şirkətlər birliyinin sədri, Gülnar, Günay, Aysel kimi yerli modelyerlərimiz də bu tədbirdə iştirak etdiklərindən məmnunluq duyduqlarını ifadə etdilər.
Xatırladaq ki, Mayın 17-dən 19-dək Bakıda “Fairmont Baku Flame Towers” otelində “Azerbaijan Fashion Week” rəsmi moda həftəsinin yeddinci mövsümü ilk parlament respublikası - Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu. Və 7-ci mövsümün qonaqları tanınmış azərbaycanlı modelyer-dizayner, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, həmçinin Diana Əhədpur Kəngərli, Alex Chzhen, Yerlan Zholdasbek, Makhaim, Mak Mari kimi tanınmış dizaynerlər idilər.
Hazırladı: Könül Qocayeva