\
25 Noyabr 2024 - Bazar ertəsi

Üzeyirbəyşünas Səadət Qarabağlının 60 yaşı tamam olub

Üzeyirbəyşünas Səadət Qarabağlının 60 yaşı tamam olub
1930baxış

Dekabrın 30-da Akademik Milli Dram Teatrının Musiqi hissə müdiri, Üzeyirbəyşünas, musiqişünas, publisist, Azərbaycan JurnalistlərBirliyinin üzvü Səadət Qarabağlının 60 yaşı tamam olub. Yubiley yaşını qeyd edən Səadət Qarabağlı 1957-ci ildə Şərurda anadan olub. Musiqi Texnikumunun fortepiano fakültəsini (fərqlənmə diplomu ilə) və Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1979-cu ilin sentyabr ayından Üzeyir Hacıbəyovun ev-muzeyində fonoteka müdiri kimi əmək fəaliyyətinə başlayıb, sonra orada ekskursovod, kiçik elmi işçi, böyük elmi işçi, ekskursiya və kütləvi işlər şöbəsinin müdiri, elmi katib və muzeyin direktoru vəzifələrində işləyib. GünAz TV-də “Azərbaycan musiqi mədəniyyəti tarixi” proqramının müəllifi və
aparıcısı olub. Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Musiqi hissə müdiri vəzifəsində çalışır.

Jurnalistlik fəaliyyətinə 1978-ci ildən başlayıb. Üzeyirbəyşünas kimi isə ilk məqaləsi 1980-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. Bundan sonra Respublikanın Mərkəzi Dövrü Mətbuatında Üzeyir bəy Hacıbəylinin həyatı, yaradıcılığı və s. mövzularda müntəzəm olaraq 800-dən artıq yazıları dərc olunub, televiziya və radio kanallarında
çıxışlar edib. Ölkəmizdə, eləcə də xaricdə keçirilən konfranslarda Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyəti ilə bağlı məruzə və çıxışları maraqla qarşılanıb. Dahi bəstəkarın yaradıcılıq irsinin nəşrində və təbliğində xidmətləri böyükdür. 1996-cı ildə “Azərbaycan” nəşriyyatında çap olunmuş “Üzeyir Hacıbəyov” ensiklopediyasının
müəlliflərindən biridir. Üzeyir bəy Hacıbəyovun “Arazbarı” (redaktoru İsmayıl Hacıbəyov) simfonik əsərini, “Aşıqsayağı” (redaktoru - İsmayıl Hacıbəyov) triosunu nəşr etdirib.

Ailəlidir. Bir oğlu, bir qızı və iki nəvəsi var.

ƏSƏRLƏRİ:

1 .Səadət Qarabağlı. “Üzeyir Hacıbəyovun publisistikasında musiqi məsələləri”, Bakı, “Bayatı” nəşriyyatı, 1997-ci il, 80 səh. 1100tiraj.

2. “Şöhrət tacı ”, Venets lyubvi” (Tərtibçilər: Ramazan Xəlilov və Səadət Qarabağlı), (redaktoru - Vladimir Qafarov), Bakı, “Kitab” cəmiyyəti, 1998-ci il, 128 səh. 500 tiraj.

3. Səadət Qarabağlı. “Üzeyir bəy Hacıbəyovun publisistikasında musiqi məsələləri”, 2-ci nəşri, Bakı, “Pedaqogika” nəşriyyatı, 2004-cü il, 8 səh. 500 tiraj.

4. “Üzeyirbaycan” (dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyliyə həsr olunmuş şeirlər və poemalar toplusu).Tərtibçi və ön sözün müəllifi Səadət Qarabağlı, Bakı, ”Vektor” Nəşrlər Evi, 2006-cı il, 290 səh. 300 tiraj.

5. Üzeyir bəy Hacıbəyov. “Aşıqsayağı” (skripka, violonçel və fortepiano üçün trio). Tərtibçi və ön sözün müəllifi Səadət Qarabağlı (Azərbaycan və ingilis dillərində), Bakı, “Vektor” Nəşrlər Evi, 2006-cı il, 24 səh. 300 tiraj.

6. Üzeyir bəy Hacıbəyov. “Arazbarı” ( partitura). Tərtibçi və ön sözün müəllifi Səadət Qarabağlı (Azərbaycan və ingilis dillərində), Bakı, “Vektor” Nəşrlər Evi, 2006-cı il, 30 səh. 300 tiraj.

7. “Ustadı xatırlarkən”. SD (Disk). Tərtib edən və hazırlayanlar: Səadət Qarabağlı və Gülbəniz Hüseynova. Burada bəstəkarlardan Ədilə Hüseynzadənin, Cövdət Hacıyevin, Hökümə Nəcəfovanın, Ağabacı Rzayevanın bacısı, Üzeyir bəydən dərs almış Ruqiyyə Rzayevanın və rəqqasə Əminə Dilbazinin Üzeyir bəy Hacıbəyli haqqında xatirələri toplanmışdır. Birinci buraxılış. “Vektor” Beynəlxalq Elm Mərkəzi, Bakı – 2006-cı il.

8. Üzeyir bəy Hacıbəyov və “Molla Nəsrəddin” Tərtibçilər: Tahir Aydınoğlu və Səadət Qarabağlı, Bakı, Adiloğlu” nəşriyyatı, 2007-ci il, 88 səh. 300 tiraj.

9 .”Ustadı xatırlarkən ”. SD (Disk). Tərtib edən və hazırlayanlar: Səadət Qarabağlı və Gülbəniz Hüseynova. Burada Üzeyir bəyin tələbələrindən Ədilə Hüseynzadə, Cövdət Hacıyev, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Hökümə Nəcəfova, Məmməd Cavadov, Ağabacı Rzayevanın bacısı Ruqiyyə Rzayeva və rəqqasə Əminə Dilbazinin dahi bəstəkar
haqqında xatirələri toplanmışdır. İkinci buraxılış, “İlkin protection ”, Bakı – 2008 - ci il.

10. “Barı Naxçıvanın 100 yaşlı bəstəkarı”. Tərtibçi və ön sözün müəllifi Səadət Qarabağlı. Bakı, “Apostroff” nəşriyyatı, 2012-ci il, 175 səh. 300 tiraj.

Mükafatları:

Səadət Qarabağlı mart 1985-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin “Kəndə mədəni hamilik əlaçısı” döş nişanı ilə təltif edilmiş, 18 may 1995, 13 aprel 1998 və 20 noyabr 2000 – ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəkkür məktubları və pul mükafatlarını almışdır.

Səadət Qarabağlı 20 noyabr 2000-ci ildə “Üzeyir Hacıbəyovun publisistikasında musiqi məsələləri” kitabına görə Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Nurlu qələm ustası” fəxri mükafatına, 2001-ci ildə isə Azərbaycan-Finlandiya və digər ölkələr arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsində  göstərdiyi xidmətlərə görə Azərbaycan – Finlandiya Assosiasiyasının “Gümüş Arzu ” mükafatına layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin “Tuti - Bikə ” mükafatını almışdır.

“Üzeyirbaycan” kitabı 2006-cı ildə “Vektor Beynəlxalq Elm Mərkəzinin “İlin kitabı” Beynəlxalq Mükafatına layiq görülmüşdür.