\
29 Mart 2024 - Cümə

Musiqili Teatrın solisti Küveytdə alqışlarla qarşılanıb

Musiqili Teatrın solisti Küveytdə alqışlarla qarşılanıb
1204baxış

Mediapress.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə Küveyt dövlətinin paytaxtı Əl Küveyt şəhərində Azərbaycan Respublikasının bu ölkədəki Səfirliyinin, həmçinin Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının birgə təşkilatçılığı ilə konsert proqramı təqdim edilib.

Küveyt dövlətinin Parlament məsələləri üzrə dövlət naziri Adil Əl Xurafi, Küveyt əmirinin nəvəsi Şeyx Talala, Türkiyə, Rusiya, Qazağıstan, Gürcüstan, Qırğızıstan səfirliklərinin nümayəndələri və çoxsaylı xarici qonaqların iştirak etdiyi bu təntənəli konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının və gənc vokalçılarının çıxışları maraqla qarşılanaraq gur alqışlarla müşayiət olunub.

Azərbaycan mədəniyyətini təmsil edən professional ifaçılar arasında Musiqili Teatrın solisti, Beynəlxalq Müsabiqələr Laureatı, istedadlı aktrisa Aydan Həsənova da öz çıxışı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri və Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertdə Aydan Həsənova Niyazinin “Arzu”, Tofiq Quliyevin “Əziz dost” mahnılarını yüksək peşəkarlıqla ifa edib.

Qeyd edək ki, Musiqili Teatrda fəaliyyətə başladığı qısa zaman ərzində məlahətli səsi və aktyorluq məharətilə tamaşaçıların qəlbinə yol tapan istedadlı aktrisa -Aydan Həsənova Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz), "Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın "Silva” (Stassi), Elçinin "Baladadaşın toy hamamı” (Bikə), V.Ulanovski, V.Orlov "Qızıl Cücə” (Dovşan), Qrim qardaşlarının ”Bremen musiqiçiləri” əsasında A.Sadıqovun "Bremen musiqiçiləri və Pen” (Vendi) tamaşalarında ifa etdiyi obrazların öhdəsindən peşəkarlıqla gələrək teatrsevərlərin rəğbətini qazanıb.

Aydan Həsənova 2016-ci ildə Yekatrinburqda keçirilən V.Kuroçkin adına "Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə III yerə, 2017-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən "Mövsümün sevilən aktrisası” nominasiyası üzrə xüsusi mükafata, 2017-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənc aktrisası” mükafatına layıq görülmüşdü.

Könül AYPARA