Xanəndə Süleyman Abdullayev vəfat edib
Əməkdar artist, xanəndə Süleyman Abdullayev (Dədə Süleyman) vəfat edib.
Bu barədə APA-ya mərhumun qızı Aygün Abdullayeva məlumat verib.
Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkib. Onun ayaq barmaqları amputasiya edilmişdi.
Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər sorağı ilə Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirilib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib. 1960-1964-cü illər ərzində Süleyman Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb.
1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub.
Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə hesab olunub. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışıb.
Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", “Şur” muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olub.
Allah rəhmət eləsin!