\
24 Noyabr 2024 - Bazar günü

"Köhnə çamadanlar" tammetrajlı bədii filmi ölkə miqyasında nümayişə çıxdı

"Köhnə çamadanlar" tammetrajlı bədii filmi ölkə miqyasında  nümayişə çıxdı
1510baxış
 
"Köhnə çamadanlar"  bölgələrdə 
Birinci və İkinci Qarabağ müharibəsinin, şanlı zəfərimizin ekran təcəssümü olan "Köhnə çamadanlar" tammetrajlı bədii filmi noyabrdan ölkə miqyasında nümayişinə başladı.
Ekran əsərinin yaradıcı heyəti ilk olaraq noyabrın 2-də Şamaxı şəhərinə səfər edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbə və müəllim heyəti ilə görüşərək, ekran əsəri barədə tələbələri maraqlandıran suallara cavab veriblər.
Tələbələr qarşısında çıxış edən filmin quruluşçu rejissoru Saida Haqverdiyeva, eləcə də ekran əsərinin əsas  qəhəmanları - Xalq artisti Məmməd Səfa, Əməkdar artist Gülzar Qurbanova, real qəhrəman Məhəbbət Paşayeva çəkiliş prosesi, filmdə yer alan gerçək həyat hekayələri, müharibə və onun insanların həyatında buraxdığı dərin yaralardan söz açıblar.
Nümayişin ardınca çıxış edən universitetin direktoru, dosent  Tünzalə Yusifova yaradıcı heyətə təşəkkürünü bildirdi. Belə görüşlərin gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, yaxın tariximiz haqqındakı təsəvvürlərinin genişlənməsində xüsusi əhəmiyyətə malik olduğunu dedi.
Noyabrın 3-də isə ekran əsərinin Naxçıvan Muxtar Respublikasında geniş təqdimatı olub.
Muxtar respublikadakı Gənclər Mərkəzində baş tutan  təqdimatda çıxış edən filmin quruluşçu rejissoru Saida Haqverdiyeva müharibə və qadın mövzusuna müraciət edərək, bu vasitə ilə haqq savaşımıza fərqli bucaqdan baxmağa çalışdığını bildirdi. Məhz bu yanaşmanın tamaşaçılar tərəfindən maraqla qarşılanmasından məmnun olduğunu dilə gətirdi. Bildirdi ki, gerçək həyat həqiqitlərini ekran təcəssümü olan filmə xüsusən gənc nəslin böyük maraqla baxması onu sevindirir. 
Ümumilikdə  3 seans olmaqla baş tutan hər iki nümayiş böyük maraqla qarşılanıb.
Yaradıcı heyətlə görüşüb, təəssüratlarını bölüşən tamaşaçılar Qarabağ həqiqətlərinin, müharibənin canlı şahidi, iştirakçısı olan qadınlarımızın acı xatirələri əsasında ərsəyə gələn bu filmin böyük təsirə malik olduğunu deyiblər.
Xatırladaq ki, real həyat hekayələri əsasında çəkilən film müharibənin qadınların taleyində buraxdığı ağrılı izlərə ekran həyatı verib. Birinci Qarabağ müharibəsində torpaqlarından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif qadın obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb. Eyni zamanda bu ekran əsərində 44 günlük Vətən müharibəsini və qələbə sevincini əks etdirən sənədli kadrlar yer alıb. 
Filmin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vuqar Camalzadə, art direktoru Tahir Əliyev, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmova, menecerləri Aynurə Əkbərova və Gülər Məlikdir.
Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Nəsibə Eldarova, Şəfəq Əliyeva, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Oksana Rəsulova, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları oynayırlar. Bundan başqa filmdə İkinci Qarabağ Müharibəsinin iştirakçıları, Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər və “Oyuq” teatr-studiyasının yetirmələri  iştirak ediblər.
Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production” və “OYUN” inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.