Məsumə Babayeva: “İşsizəm, dolana bilmirəm”
Bugun.tv xəbər verir ki, bu haqda “ATV səhər”ə danışan sənətçi işdən gedəndən sonra səhhətində ciddi problemlər yarandığını vurğulayıb:
“50 ildir teatrda can qoymuşam. Teatrın 90 illiyi olan kimi, məni ora çağırdılar və dedilər ki, ərizəni yaz, işdən çıx. Teatrdan məni uzaqlaşdırdılar. Bundan sonra çətin günlərim başladı, az qaldı məni infarkt vursun. Əməyimə görə 321 manat təqaüd alıram. Təqaüdüm yaxşı olsaydı, çəkilib oturardım ki, həm təqaüdüm var, həm də kənar çəkilişlərim, dolanardım. İndi nə yüksək təqaüd alıram, nə də ki çəkilişlərim var.
Teatrdan işdən çıxandan sonra, xəstəliklərim başladı üzə çıxmağa.İnsult vurdu, ayaqlarım tutuldu, sinəmdə xərçəng tapıldı. Bunlar hamısı fikirdən, dərddən oldu. Teatrda əvvəl yarımştata saldılar, sonra da müqaviləyə keçirtdilər. Adım rəsmi olaraq, teatrda var. Amma məni oraya rol oynamağa çağırmırlar”.
Aktrisa əlavə edib ki, teatrda ona heç bir rol verilmir:
“Söyləyirlər ki, get otur, sən lazım deyilsən. Niyə lazım deyiləm? Danışığım, ağlım, gözəlliyim yerində. Nəyə görə teatr səhnəsində lazım deyiləm? Bəs, bu yaşlı qəhrəmanların obrazını səhnədə kim canlandıracaq? Ana obrazlarını kim oynayacaq? Cavan qızlar? Qazancım əczaxanaya işləyir. O dərmanları nisyə alıram, sonra da gələn ay yarı-yarı ödəyirəm. Pulum yeməyə yoxdur. Pulumu yalnız dərmanlara xərcləyirəm. Mənə çəkilişlə bağlı zəng gələndə uçuram sevincimdən. Budur yaradıcılığım. Aktyor səhnədə dünyasını dəyişməlidir”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova Bugun.tv-yə bildirdi ki,teatr sahəsində çalışan ustadlarımız,aktyor və aktrisalarımız mədəniyyətin və incəsənətin bütün digər sahələrində çalışan şəxslərlə bağlı Mədəniyyət Nazirliyi çox həssas yanaşır və o şəxslər bizim üçün kifayət qədər önəmli,dəyərli və doğmadırlar. Eyni zamanda Məsumə Babayeva bizim üçün kifayət qədər doğma teatr sahəsində çalışan aktrisalarımızdan biridir. Məsumə xanımın əmək fəaliyyətinin yaş həddinə görə sonlandırılması hələ bizim bundan onun sonrakı həyatı üçün biganə qalmağımıza əsas vermir. Maksimum çalışacağaq ki, səhhəti ilə bağlı problemlər aidiyyəti strukturların önündə diqqətə çatdırılsın və o struktarlardan da yaxın bir zamanda əminəm ki, məsələ ilə bağlı çox ciddi dəstək tədbirləri gələcək. Bu işdə birlikdə olmaqdan qürur duyacağıq.Məsələ diqqətimizdədir.