“Qisas 44” kitabının təqdimat mərasimi olub
Mediapress.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid mayor Vüsal Vəliyevin əziz xatirəsinə həsr edilən “Qisas 44” kitabı təqdim olunub.
Xatırladaq ki, şəhid mayor Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilin sirlərinə yiyələnib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurub.
2009-cu ildən “leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən yüksəlib. Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş xüsusi medalla təltif olunub.
Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.
Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Qeyd edək ki, mayor Vüsal Vəliyev nişanlı idi.