\
24 Noyabr 2024 - Bazar günü

Qardaş ölkə sənətçiləri Bakıda – FOTOLAR

Qardaş ölkə sənətçiləri Bakıda – FOTOLAR
1463baxış

Mediapress.az Bugun.tv-yə istinadən xəbər verir ki, Özbəkistan Respublikasının Səmərqənd Vilayətinin Kattakurqon Şəhər Dram Teatrının yaradıcı heyəti Bakıda qastrol səfərindədir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyi və teatrın əməkdaşları özbək teatrının yaradıcı heyətini xüsusi ehtiramla qarşılayıb.
Səmimi qarşılanma mərasimində teatrın balet truppasının ifasında bir-birindən maraqlı rəqs nömrələri nümayiş etdirilib, qonaqlar özbək və Azərbaycan mahnılarının sədaları altında rəqsə dəvət edilib.
Daha sonra Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev Avrasiya Teatr Birliyinin nümayəndələri olan Özbəkistan təmsilçilərinə - Aybek Kopadze və Səmərqənd vilayətinin Kattakurqon Şəhər Dram Teatrının direktoru Batır Tuqalova söz verib. Onlar iki ölkə arasında mədəni əlaqələrin inkişafından, gələcək layihələrdən danışıb, hər iki kollektivə uğurlar arzulayıblar.
Səfərdən məmnun olduqlarını vurğulayan qonaqlar teatrın inzibati binası ilə tanış olub, məşq proseslərini izləyiblər.
Qeyd edək ki, səfər çərçivəsində onlar bu gün saat 19:00-da Azərbaycanın klassik səhnə əsəri olan “Qaynana” (M.Şamxalov) komediyasını özbək dilində nümayiş etdiriblər.
Tamaşa dekabrın 4-ü və 5-i də saat 19:00-da yenidən nümayiş olunacaq.
Xatırladaq ki, bu ilin yayında Akademik Musiqili Teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə Özbəkistana, məhz bu tamaşaya quruluş vermək üçün Kattakurqon teatrına dəvət olunmuşdu.
Avqust ayında isə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin Özbəkistana səfəri zamanı teatr sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi haqqında hər iki ölkə teatrları arasında memorandum imzalanmışdır.
Rejissor Əsgər Əsgərovun quruluşunda, özbək teatrının repertuarında təqdim olunacaq “Qaynana” tamaşasında Cənnət obrazını Özbəkistanın Əməkdar artisti, “Dostluq” ordenli Gülbahar Məmmədova ifa edəcək.
Tamaşanın rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Feruzbek Abdurayimovdur.
Azərbaycan və Özbəkistan teatrlarının birgə yaradıcılıq işinin tamaşaçısı olmaq istəyən hər kəs biletləti şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə edə bilərlər.

Qeyd edək ki, Kattakurqon Şəhər Dram Teatrının yaradıcı heyəti dekabrın 1-dən  Bakıda qastrol səfərindədir.

Şükufə Ramizqızı