\
24 Noyabr 2024 - Bazar günü

Maestro Rauf Abdullayevin 85 illiyi qeyd olunub

Maestro Rauf Abdullayevin 85 illiyi qeyd olunub
1465baxış

Bu il görkəmli maestro, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin anadan olmasının 85 illiyidir.

Mediapress.az xəbər verir ki, dekabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijorun yubileyi münasibətilə təntənəli gecə keçirilib.

Maestronu təbrik etməyə gələnlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, sənətkarın həmkarları, dostları, ictimaiyyət nümayəndələri olub.

Tədbirdə ilk olaraq səhnəyə Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova çıxaraq Rauf Abdullayevin yaradıcılığından, dirijor sənətinin yaranma tarixindən söz açıb. Deyib ki, dirijorluğun ayrıca bir sənət kimi formalaşma tarixi o qədər də qədim deyil. Musiqi ifaçısız yaşamır. Musiqiyə can verən, onu notlarla dinləyiciyə çatdıran məhz ifaçılardır. Bu baxımdan dirijor sənəti xüsusi bir özəlliyə malikdir. O, heç bir musiqi alətində ifa etmir, lakin bütün bu alətləri idarə edir. Musiqinin məzmununu, ideyasını çatdırmaq onun vasitəsilə gerçəkləşir: “Hər dirijorun öz dünyası, təxəyyülü, musiqiyə baxışı var. Biz orkestrdə səslənən musiqini, bəstəkarın ideyasını məhz dirijor vasitəsilə mənimsəyərək hiss edirik. Nə yaxşı ki, Azərbaycan musiqisində Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun yanında duran böyük dirijorlar olub. Azərbaycan musiqisini Niyazisiz təsəvvür etmək mümkün deyil. Musiqi mədəniyyətimizin dünya miqyasına çıxmasında onun çox böyük əməyi var. Niyazidən sonra Azərbaycan musiqisində yeni bəstəkarlar, ifaçılar nəsli yetişdi. Onların sırasında maestro Rauf Abdullayevin adını xüsusilə qeyd etmək lazımdır. O, çox böyük məharətlə öz dövrünün nəbzini tuta bilib”.

R.Abdullayevin repertuarının zəngin olduğunu deyən prorektor dirijorun klassik və müasir əsərləri eyni məharətlə idarə etdiyini diqqətə çatdırıb: “Bir çox tanınmış bəstəkarlarımızın əsərləri onun dirijorluğu ilə səslənib. R.Abdullayev opera, simfonik orkestr, həmçinin kamera orkestri dirijoru kimi fəaliyyət göstərib. Uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb və 50-yə yaxın tamaşaya rəhbərlik edib. O, 85 illik ömrünün 60 ilə yaxın bir dövrünü bu çətin sənətə həsr edib, onun inkişafına töhfələr verib”.

L.Hüseynova çıxışının sonunda yubileyi münasibətilə maestroya cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə ilk olaraq pult arxasına gənc dirijor Mustafa Mehmandarov keçib. Orkestrin ifasında C.Verdinin “Taleyin yolu” operasından uvertüra səslənib. Alqışlarla qarşılanan əsər bitdikdən sonra yubilyara ünvanlanan təbriklər videoçarx şəklində təqdim edilib. Videoçarxda SSRİ Xalq artisti Tamara Sinyavskaya, Xalq artistləri Fərəc Qarayev, Elçin Əzizov, dünya şöhrətli rusiyalı musiqiçilər Maksim Vengerov, Sergey Doqadin Rauf Abdullayevə təbriklərini ünvanlayıblar.

Təbriklərdən sonra gecə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə  M.Musorqskinin “Sərgidən şəkillər” əsərinin səslənməsi ilə davam edib. Dinləyicilər gözəl musiqidən, orkestrin virtuoz və ifadəli ifasından böyük zövq alıblar.

Gurultulu alqışlarla səhnəyə dəvət olunan və çiçək dəstələrinə qərq olan yubilyar sənətkar tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü ifadə edərək orkestrə və gənc həmkarlarına uğurlar arzulayıb.

Qeyd edək ki, dövlət başçısının 28 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Xalq artisti Rauf Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə I dərəcəli “Əmək” ordeninə layiq görülüb.