Abidə mühafizəçiləri üçün təşkil olunan təlim başa çatıb
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” adlı təlim başa çatıb.
Təlimdə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin, “Avey”, “Keşikçidağ”, “Qədim Şəmkir Şəhəri” və Gəncə dövlət tarix-mədəniyyət qoruqlarının 30-a yaxın abidə mühafizəçisi iştirak edib.
Təlimdə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov, tarix üzrə fəlsəfə doktoru, arxeoloq İdris Əliyev və başqaları məruzələrlə çıxış ediblər.
“Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı”, “Tarixi abidələrin dövlət qeydiyyatına alınması prosesi”, “Aidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi” və digər mövzularda keçirilən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.