Göyçayda uçmaq təhlükəsi ilə üz-üzə olan 135 yaşlı tarixi abidə bərpa olunacaq - YENİLƏNİB + FOTO
Göyçayda 135 il əvvəl tikilən tarixi sirli hamam məhv olmaq üzrədir.
Belə ki, qədim tarixi abidə kimi Mədəniyyət Nazirliyinin balansında olan “Yeraltı hamam” abidə kompleksi qəzalı vəziyyətdədir.
Sakinlər uzun illərdir tarixi abidənin baxımsız vəziyyətdə olduğunu, onun bərpası ilə bağlı heç bir qurumun ciddi addım atmadığını deyirlər.
Fotolara baxsanız abidənin elə də kiçik olmadığını və aidiyyəti qurumların əməkdaşlarının gözündən qaçmaq ehtimalının olmadığını görmək mümkündür.
Azərbaycanın nadir memarlıq abidələrindən birinin taleyi ilə bağlı Mədəniyyət Nazirliyinin, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.
Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Göyçay rayonunda yerləşən “Yeraltı hamam” yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır:
“Həmin hamam uzun illər sakinlərin istifadəsində olub. Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamamın bərpası məsələsi investisiya planına salınıb.
Eyni zamanda, qeyd edək ki, ölkə ərazisində bu tip, bərpaya ehtiyacı olan tarixi abidələr çoxluq təşkil edir. “Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” qanuna əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır.
“Yeraltı hamam”ın bərpa olunması üçün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində sahibkarlarla danışıqlar aparılıb və artıq nəticələri də var. Tarixi abidənin yaxın müddətdə bərpa olunması planlaşdırılır”.
15:50
Göyçayın ən qədim tarixi abidəsi olan “Yeraltı hamam” abidə kompleksi məhv olmaq üzrədir. Otuz ildən çoxdur baxımsız vəziyyətdə qalan bu memarlıq abidəsinin bərpası illər öncə Mədəniyyət Nazirliyinin “təmir olunacaq abidələr” siyahısına düşsə də, nədənsə hələ ki, lazımi tədbir görülmür.
Yerli mütəxəssislərin Bizim.Media-ya bildirdiyinə görə, əgər “Yeraltı hamam” kompleksində tezliklə bərpa işlərinə başlanmazsa, nə abidə qalacaq, nə də tarix.
135 il əvvəl tikilmiş bu sirli hamam Azərbaycanın nadir memarlıq abidələrindən biridir. XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. “Yeraltı hamam” adı ona əsas hissəsi torpağın səthindən iki metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Hamam otaqlarından ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub. Vaxtilə hamamdan eyni vaxtda 70 nəfər istifadə edib.
Hamamın özünəməxsus sirri də var. Çirkab sularının saxsı borularla hara və necə axıdılması hələ də müəmmalı olaraq qalır. Aparılan araşdırmalara baxmayaraq, bu sual hələ də cavabını tapmayıb.
Günbəzli unikal memarlıq abidəsi olan bu hamamın fəaliyyəti keçmiş Sovetlər Birliyi dövründə dayandırılıb. Ötən əsrin 30-40-cı illərində “Yeraltı hamam” bir müddət həbsxanaya çevrilib. İkinci Dünya müharibəsindən sonra isə ondan bir müddət pendir sexi kimi istifadə olunub. 1958-ci ildə isə bina təmir edilərək yenidən hamam kimi fəaliyyətə başlayıb.
Lakin 1991-ci ildən sonra bu abidə sahibkarlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub, tarixi memarlıq nümunəsi zərər görüb, dağılaraq bərbad hala düşüb.
Damında, divarlarında böyük çatlar əmələ gələn abidənin uçmaq təhlükəsi var. Hazırda qapısı bağlıdır və içəri heç kim buraxılmır.
Mədəniyyət Nazirliyinin, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri ötən 10 il ərzində Göyçaya dəfələrlə gələrək bu tarixi abidənin vəziyyəti ilə tanış olub və burada təmir-bərpa işləri aparılacağını bildiriblər. Lakin 10-15 il ərzində burada bir taxtaya bir mıx vurulmayıb.
Sahibsiz qalan hamamın qarşısı isə yerli sakinlər tərəfindən zibil anbarına çevrilib.
Məsələni gündəmdə saxlayacağıq.