Müstəqil “M.Teatr” Türkiyə üçün xeyriyyə tamaşası oynadı - FOTOLAR
1734
Türkiyədə baş verən zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə fevralın 14-də Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində mərhum yazıçı Rövşən Ağayevin “Bir gecənin nağılı”” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə oynanıldı.
Mediapress.az-ın əldə etdiyi məlumata görə, tamaşadan toplanan vəsait qardaş ölkədə zəlzələdən zərər çəkən insanlara yardım olaraq göndəriləcək.
Melodrama janrında hazırlanan tamaşada rolları Aydan Həsənzadə və Cavid Baba ifa ediblər.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
Zəlzələlər həmçinin Azərbaycan, Suriya Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.