\
24 Noyabr 2024 - Bazar günü

“Ağ-qara hərflərin rəngli yuxuları” adlı kino istehsalı layihəsinə qəbul elan edilir

“Ağ-qara hərflərin rəngli yuxuları” adlı kino istehsalı layihəsinə qəbul elan edilir
1280baxış
Mediapress.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə qəbul elan edir.
 
“Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsi kinonun çəkilişi, ssenari yazılışı, rejissorluq, musiqi və s. sahələrində cüzi də olsa təcrübəsi olan amma bu təcrübəni, başlanğıc biliklərini təkmilləşdirmək istəyən 20-30 yaş arası namizədlər üçündür. Layihənin nəzəri dərslər mərhələsindən sonra komanda, qısametrajlı film istehsal edəcəklər. Filmin rejissoru, ssenaristi, quruluşçu operatoru, bəstəkarı, montajçısı, geyim rəssamı və s. komandadan seçilən iştirakçılardan ibarət olacaq. Layihənin əsas məqsədi kinoya, kinonu öyrənməyə marağı olan və real çəkilişdə iştirak edib praktiki təcrübə keçmək istəyən gəncləri bir araya toplamaqdır.
 
Bu layihə 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə mentor Rövşən İsax tərəfindən ideyanın və onun ekran həllinin tapılması, ssenarinin üzərində rejissor işi, hazırlıq mərhələsində rejissorun operator, bəstəkar və rəssamlarla işi, çəkilişə hazırlıq və s. mövzular üzərində 2 ay dərslər keçiriləcək. Dərslər həftədə 2 dəfə və hər dərs 2 saat olmaqla baş tutacaq. Dərslər həftəiçi iş saatlarından sonraya müəyyənləşdiriləcəkdir. Nəzəri mərhələdən sonra real çəkiliş mərhələsi Qəbələdə, noyabr ayında10 gün müddətində baş tutacaq. Layihədə iştirak pulsuzdur. Layihənin Qəbələ mərhələsi təşkilatçılar tərəfindən ödənilir.
 
Layihənin mentoru Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor Rövşən İsaxdır. O, Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TVdə rejissor kimi çalışıb. Türkiyənin “Samanyolu” Televiziyasının Azərbaycan filialında icraçı direktor olub (1998-2001). Hazırda “Pozitiv Media”nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam çarxının müəllifidir. “Kiçik leytenant” (1996, qısametrajlı bədii film), “Azərbaycan Xalq Cümhuriyyəti” (2001, qısametrajlı sənədli film), “Aktrisa” (tammetrajlı bədii film, 2011) – quruluşçu rejissor; ssenari müəllifi, “Pərvanələrin rəqsi” (teleserial, 2012) – quruluşçu rejissor; ssenari müəllifi, “Vicdan haqqı” (teleserial, 2016) – quruluşçu rejissor; ssenari müəllifi, “Yuxu kimi” (teleserial, 2019) işlərin quruluşçu rejissoru və ssenari müəlifidir.
 
Layihəyə müraciət forması: //shorturl.at/bdLPZ
 
Sualınız olduğu təqdirdə [email protected]  ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Qeyd edək ki, bu tip layihə AKİ-nin 4-cü layihəsidir. Bundan öncə “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbi, “Kino istehsalı A-dan Z-yə” intensiv kinorejissorluq kursları, “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihələrini həyata keçirmişdir.