\
24 Noyabr 2024 - Bazar günü

Kuklaçılar bu dəfə Yevlaxda

Kuklaçılar bu dəfə Yevlaxda
1476baxış

Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

Mediapress.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 26-da “Məlikməmməd” tamaşası ilə Yevlax Şəhər Mədəniyyət Mərkəzində çıxış edib.

Azərbaycan xalq nağılı əsasında hazırlanan eyniadlı tamaşa yevlaxlı balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Nümunənin əsas ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır.

Məlikməmməd məşhur nağıl personajı, cəngavərlik nümunəsidir.

Rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi zəfərimiz ilə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa, dövrümüzün real qəhrəmanları və hadisələri ilə bağlamağa nail olub.

Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada Fikrət Əmirovun əsərlərindən istifadə olunub.

Tamaşada rolları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov və başqaları ifa ediblər.

Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda hazırlansa da bura uşaqlar üçün maraqlı olan müasir elementlər də daxil edilib.