\
24 Noyabr 2024 - Bazar günü

Şuşada daha bir tarixi an! - TÜRKSOY-a üzv ölkələrinin birgə bəyannaməsi imzalandı - FOTOLAR

Şuşada daha bir tarixi an! - TÜRKSOY-a üzv ölkələrinin birgə bəyannaməsi imzalandı - FOTOLAR
3628baxış
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə 31 oktyabr – 4 noyabr tarixlərində Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.
 
Mediapress.az-ın məlumatına görə, festival çərçivəsində oktyabrın 31-də Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı gerçəkləşdi.
Toplantıda TÜRKSOY-a üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, eləcə də təşkilatın müşahidəçi üzvləri Şimali Kipr Türk Cümhuriyyəti və Qaqauz Yerindən (Moldova) dövlət teatrlarının rəhbərləri iştirak edirdi. 
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxış edərək iştirakçıları salamladı və toplantının işinə uğurlar arzuladı.  
Daha sonra TÜRKSOY-un 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
 
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq teatr festivalının türk xalqlarının səhnə sənətinin, dilinin, adət-ənənələrinin təbliğinə böyük töhfə olduğu qeyd olundu.
Digər respublikaların nümayəndələrinin də çıxışları dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının birgə bəyannaməsi imzalandı. 
Sənəddə türk xalqlarının teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, səhnə işi üzrə sənət mübadiləsi və s. məsələlər əksini tapıb. 
 
Qeyd olundu ki, TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 10-cu toplantısı 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Türkmənistanın Anev şəhərində keçiriləcək.
Sonda iştirakçı ölkələrin nümayəndələrinə sertifikatlar təqdim olundu.