\
23 Noyabr 2024 - Şənbə

Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?

Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
2533baxış
Yaxın vaxtlarda "Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzi Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) verilə bilər. 
 
Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, hazırda Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi barədə müzakirələr aparılır. Ehtimal edilir ki, Nizami Kino Mərkəzi Kinematoqrafçılar İttifaqının İdarə Heyəti tərəfindən daha yaxşı idarə oluna və gəlir edə bilər. 
 
Xatırladaq ki, AKİ-nin katibi Əli İsa Cabbarov 2023-cü ilin aprelində keçirilən Kino Forumunda Nizami Kino Mərkəzinin fəaliyyətini tənqid edib, Mərkəzin "Azərbaycan kinosunun dostu" siyasətini aparmadığını bildirib. 
AKİ İdarə Heyətinin bəzi üzvləri də "Azərbaycanfilm" kinostudiyasının idarəçiliyini İttifaqa tapşırılmasını məqbul sayır. Onların arqumentinə görə, "Azərbaycanfilm" kinostudiyası "kinomuzun flaqmanı" statusunu saxlamalıdır. Əgər Mədəniyyət Nazirliyi kinostudiyanı dövlət mülkiyyəti olması səbəbindən birbaşa maliyyələşdirə bilmirsə, o zaman nazirlik AKİ üzərindən studiyanın saxlanılması üçün vəsait ayıra bilər. İttifaqın bu vəsaitin effektli xərclənməsinə də nəzarəti həyata keçirməsi mümkündür. 
 
Müşahidəçilər qeyd edir ki, AKİ-nin bu ambisiyaları birləşmə qurultayından sonra əmələ gəlib. 
 
Məlumat üçün deyək ki, cari ilin 5 mart tarixində keçirilmiş konfransda ittifaqlar (AKİ və ARKİ) birləşib və Rasim Balayev İttifaqın sədri seçilib.