\
25 Noyabr 2024 - Bazar ertəsi

“Astara” qəzetinin 85 illik yubileyi qeyd edilib

“Astara” qəzetinin 85 illik yubileyi qeyd edilib
1989baxış
Astara Rayon Mədəniyyət Mərkəzində Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və şəkillərlə tanış olublar.
 
Yubiley tədbirində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
 
Tədbir iştirakçıları Astara rayonunun sosial-iqtisadi inkişafını əks etdirən "Cənnətməkan Astara” video-çarxa baxıblar.
 
Toplantıda çıxış edən "Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə bildirib ki, 1932-ci ildə "Ostoro kolxozçi” adı ilə nəşrə başlanan qəzet 1939-cu ildən "Kolxoz tribunası”, 1965-ci ilin avqust ayından "Sovet Astarası” adları ilə işıq üzü görüb, Azərbayan öz müstəqilliyinə yenidən qovuşduqdan sonra-1991-ci ilin oktyabr ayından "Astara” adı ilə fəaliyyətini davam etdirir.
 
Qeyd olunub ki, 85 illik fəaliyyəti dövründə "Astara” qəzeti rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələri, yenilikləri oxuculara çatdırmaqla rayonun bu dövrə aid səlnaməsini yaradıb.
 
Mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli, Azərbaycanın Misirdəki diasporunun rəhbəri, tədqiqatçı-alim, "Tərəqqi” medallı Seymur Nəsirov və başqaları "Astara qəzetinin əməkdaşlarını nəşrin 85 illik yubileyi münasibətilə təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb, ölkəmizdə mətbuatın inkişafına göstərilən dövlət dəstəyinin əhəmiyyətini yüksək dəyərlənləndiriblər.
 
Tədbirdə "Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadəyə Mətbuat Şurasının diplomu və Azərbaycan Bilik Fondunun təşəkkürnaməsi, qəzetin əməkdaşlarından bir qrupuna isə rayon icra hakimiyyətinin, Azərbaycan Ziyalılarının Demokratik İttifaqı Astara rayon təşkilatının fəxri-fərmanları, hədiyyələr təqdim edilib.
 
Yubiley tədbiri rayon mədəniyyət mərkəzinin "Sevinc” ansamblının ifasında konsert proqramı ilə davam edib.