Əliqismət Lalayev İranda teatr festivalının münsiflər heyətində
Mediapress.az xəbər verir ki, artıq bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsif qismində iştirak edən Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, rejissor Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-ci Beynəlxalq “Fəcr” festivalına dəvət edilib.
Bu məqsədlə 21 yanvar tarixində tanınmış rejissor Tehrana səfər edəcək. Əliqismət Lalayev İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin rəsmi dəvəti ilə qonşu ölkədə dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu sənət yarışmasında ekspert kimi iştirak edəcək.
Xatırladaq ki, bundan öncəki - 35-ci Beynəlxalq Fəcr festivalında Musiqili Teatrın yaradıcı heyəti dahi Üzeyir Hacıbəylinin məşhur "Ər və arvad” iki hissəli musiqili komediyasını Təbrizdə nümayiş etdirib. Anşlaqla keçən səhnə əsəri festival təşkilatçıları və Təbrizli tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, Onların xahişi ilə festival proqramından əlavə "Ər və arvad” tamaşası ikinci dəfə tamaşaşılara təqdim edilib. Teatr kollektivinin üç üzvü bu möhtəşəm festivaldan vətənə mükafatla qayıdıb.
Könül AYPARA