Bu gün Bakıda III Türk Dünyası Sənədli Film Festivalı öz işinə başladı - MİU-də - FOTOLAR
Bu gün Bakıda III Türk Dünyası Sənədli Film Festivalı öz işinə başlayıb.
Mediapress.az xəbər verir ki, tədbir Mədəniyyət və İncəsənət Universitetində açıq elan olunub.
Tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, festivalın münsiflər heyətinin rəhbəri, rejissor Vaqif Mustafayev, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi, festivalın sədri Menderes Dəmir və digər qonaqlar iştirak edib.
Universitetin rektoru Ceyran xanım öz çıxışında qeyd etdi ki, festivalda bizim tələbəmiz də iştirak edir:
“Ümid edirəm ki, gələcəkdə tələbələrimiz növbəti festivallarda da iştirak edər. Çox şadıq ki, siz bizim universiteti seçmisiniz”.
Daha sonra Menderes Demirə söz verildi:
- Türk Dünyası Qəzetçilər Vəqfinin sloqanı ilə həyata keçirdiyimiz festivalda hamınızı xoş gördük. Qayəmiz türk millətini kino mütəxəssisi gözü ilə dünyaya təqdim etməkdir. Biz burada 8 ölkədən 11 film festivalı ilə iştirak etdik. Bizə bu işdə Türkiyə səfirliyi və onun mədəniyyət bölməsi dəstək oldu. Buna görə İrfan Çifçiyə təşəkkür edirəm. Və Yunus Əmrə institutuna da öz minnətdarlığımı bildirirəm.
Söz əlbəttə ki, Türkiyənin Azərbycandakı diplomatik nümyəndəsi, səfir Erkan Özarala verildi:
- Tədbirdə iştirak etmək mənim üçün şərəfdir. Biz sovetlər birliyində 70 il bir-birindən ayrı qalan millətik. 70 il bir-birimizdən ayrı qalsaq da, öz qardaşlığımızı və dostluğumuzu unutmamışıq. Hər zaman türk dünyasının bir parçası olduq. Bir-birimizi tanımaqla aramızdakı məhəbbəti daha da sıxlaşdırmaq üçün daha çox işlər görməliyik. Hazırda iştirak etdiyimiz festival bunun ən gözəl nümunəsidir. Kino hər bir ölkənin, onun nümayəndələrinin bir-birinə izah üçün ən ideal vasitədir. Bu festivalı ürəkdən dəstəkləyirəm. 3 ildir ki, bu festivalda iştirak edirik və bundan sonra da iştirak etməkdə davam edəcəyik. Burdan festivalın təşkilatçılarına uğurlar arzulayıram.
Yarışmada mükafat alan filmlər açılış mərasimindən sonra universitetin zalında nümayiş etdirilib.
Qeyd edək ki, Türkiyə səfirliyi Mədəniyyət və Tanıtma Müşavirliyinin Türkiyə-Azərbaycan həmrəyliyinin 100-cü ili çərçivəsində təşkil etdiyi festivalın Azərbaycandakı qismi Mədəniyyət və İncəsənət Universitetinin “kino-televiziya” fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Mübariz Məmmədlinin təşkilatıçılığı və Sürəyya Əzizovanın koordinatorluğu ilə reallaşdırılır.
Türk Dünyası Sənədli Film Festivalının açılışında Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Makedoniya və Bosniya Hersoqavinadan “analar” mövzusunda “8 Ölkə 8 Ana, Türk Ana” filmi nümayiş olunub. Hər türkdilli ölkədən fərqli rejissorun çəkdiyi sənədli filmlərin nümayişindən sonra isə mükafat alan filmlər Bakıda gənc tamaşaçıların izləməsinə veriləcək.
Hazırladı: Könül QOCAYEVA