20 Yanvarla bağlı Nizami Kino Mərkəzində dəyişiklik edildi
Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar repertuar dəyişdirilib.
Mediapress.az xəbər verir ki, kinoteatrda nümayişdə olan filmlər yığışdırılıb. Sabah saat 15:00-da "Nabat" nümayiş olunacaq. Filmin nümayişi pulsuzdur.
Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğludur.
Filmin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edir. Nabat isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.
Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təstiq edir.
Filmdə baş rolu İran aktrisası Fatimə Motomedareya ifa edir.