Pedro Qomez Eqanyanın sərgisi YARAT Müasir İncəsənət Mərkəzində
Mediapress.az xəbər verir ki, 9 noyabr 2018-ci il tarixində, YARAT Müasir İncəsənət Məkanı Norveçdə yaşayan və fəaliyyət göstərən Kolumbiya əsilli rəssam Pedro Qomes-Eqanyanın “Sleypnir” adlı fərdi sərgisini təqdim etdi. Sərgidə nümayiş olunan rəssamın yeni və əhəmiyyətli sənət əsəri özünün daim təzələnən “Rəsədxana” (“Observatory”) silsiləsinin bir hissəsidir. YARAT Mərkəzinin məkanında Pedro Qomes-Eqanya tərəfindən qurulmuş bu geniş miqyaslı pavilyon strukturlu instalyasiya tamaşaçıya xüsusi multisensorlu, immersiv təsir göstərir. Öz ilhamını Xəzər bölgəsindən alan bu sərgi, YARAT-ın Bakı şəhərinin müxtəlif məkanlarında həyata keçirdiyi genişmiqyaslı, bir çox fənləri əhatə edən teatr və performanslar tədbiri, M.A.P. festivalı ilə eyni vaxta təsadüf etdi.
Bu pavilyona bənzər əsər tamaşaçının öz adi məkan qavrayışını “rituallaşdırmasına” vadar edir, bizi, öyrəşdiyimiz ölçülərin hüdudlarından kənara çıxarır. İnstalyasiyanın daxilində “məkan içində məkan” kimi qurulan mexaniki komponentlər müxtəlif laylı seqmentlərdən ibarətdir. Bu seqmentlərdə aramsız olaraq dəyişikliklər baş verir, sanki, onlarda hansısa kabus var. Sözün geniş mənasında Pedro Qomes-Eqanya öz bədii təcrübəsinin xoreoqrafiya və işıq oyunu kimi səciyyəvi elementlərini bir araya gətirir, daha sonra, tamaşaçını müəyyən ardıcıllıqla xüsusi qurulmuş sərgi məkanının ayrı-ayrı sahələrinə istiqamətləndirməklə, zaman və müəllif hekayəsi ilə bağlı tamaşaçı duyğularını manipulyasiya edir.
İnstalyasiya öz ilhamını məşhur norveçli səyyah Tur Heyerdalın geniş səs-küyə səbəb olmuş “Odinin axtarışları” (“The Search for Odin”) kitabından götürüb. Belə ki, Azərbaycana etdiyi çoxsaylı səfərlərindən birində tanınmış səyyah qayaüstü oyma rəsmlərin bədii üslubunun Norveçdə rast gəldiyi oxşar qədim rəsmlər ilə uyğunluq təşkil etdiyini aşkar edir. O, Azərbaycanın müasir sivilizasiyanın beşiyi olması və azərbaycanlıların bir vaxtlar şimala, Skandinaviyaya köç etməsi ilə bağlı qənaətə gəlir. Bu səbəbdən, o, məşhur vikinqlərin əcdadının məhz qədim Xəzər bölgəsindən qaynaqlanmasına dair elmi fərziyə irəli sürür. Elə “Sleypnir” sərgisi də öz adını Norveç mifologiyasının tanrısı Odinin səkkizayaqlı atının adından götürüb, çünki Tur Heyerdalın nəzəriyyələrində Odin məhz bu atın üstündə Azərbaycandan Skandinaviyaya səfər etmişdir.
Pedro Qomes-Eqanya öz instalyasiyasına ayrı-ayrı ifaçılar tərəfindən oxunan, məkan daxilində vahiməli ab-hava təəssüratını bəxş edən musiqili səs elementi də daxil edib. Norveç musiqisini Azərbaycanın folklor mahnıları ilə bir araya gətirən bu instalyasiya, Tur Heyerdalın sanki “ifşa olunmuş” nəzəriyyəsini vurğulayır. Azərbaycanın tarixi və geosiyasi xüsusiyyətləri ilə maraqlanan Pedro Qomes-Eqanya, öz əsərini “müasir və tarixi texnologiyalar və onların bizim təcrübəmizi, zamanla bağlı qavrayışımızı necə təyin etməsi ilə bağlı tənqidi baxış” adlandırır.
Sərginin kuratoru Suad Qarayeva-Malekidir
***
Rəssam haqqında
Kolumbiyada anadan olan Pedro Qomes-Eqanya hal-hazırda Danimarkanın Kopenhagen və Norveçin Bergen şəhərlərində yaşayıb-fəaliyyət göstərir. Pedro Qomes-Eqanya Goldsmiths Kollecində (London) və Bergen Milli İncəsənət Akademiyasında (Norveç) musiqi kompozisiyası, performans və təsviri incəsənət ixtisasları üzrə təhsil alıb. 2012-ci ildə, Norveç Elmi Araşdırmalar üzrə Təqaüd Proqramı çərçivəsində təsviri incəsənət üzrə doktorluq dissertasiyası müdafiə edib. Qomes-Eqanyanın əsərləri dünyanın bir çox yerlərində nümayiş etdirilib, o cümlədən: İstanbul Biennalesi, Brüssel Biennalesi, ICA (London), Kunstnernes Hus (Oslo), La Kunsthalle (Myuluz) və Colomboscope (Kolombo).
Hal-hazırda, Pedro Qomes-Eqanya Norveçin Bergen Universitetinin incəsənət fakültəsində professor və elmi-işçi kimi fəaliyyət göstərir.
***
YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı öz üzərində uzunmüddətli öhdəlik götürüb.
YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.
2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ( “tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir. Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.
Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.
***
M.A.P. festivalı haqqında
6 – 11 noyabr 2018
YARAT Müasir İncəsənət Məkanı, drama, rəqs, opera, küçə və kukla tamaşalarını özündə birləşdirən, çoxfənli tamaşa və performans tədbiri olan M.A.P. festivalını təqdim etdi. Əsası 2017-ci ildə qoyulmuş M.A.P. festivalı, hər il bir həftə ərzində Bakının aparıcı teatr məkanlarında təşkil olunur. Builki festivalın kuratoru teatr rejissoru, “Ağ və qara” Teatr Festivalın (İmatra, Finlandiya) təsisçisi Kamran Şahmərdan oldu. Festivalın “Sərhədsiz teatr” adlanan möhtəşəm proqramı İtaliya, İsveçrə, Danimarka, Böyük Britaniya, Almaniya, Estoniya, Rusiya, İran və Yaponiyanın məşhur teatr kollektivlərin müxtəlif tamaşalarını özündə cəmləşdirdi.
Şəhərə parlaq ab-hava gətirən festivalın açılışında ilk tamaşa “Ariya” oldu. Rəngarəng musiqi parçaları, nəğmələr, kostyumlar və rəqslərin yer aldığı bu tamaşa İtaliyanın “NoQraviti” Teatrının kollektivi tərəfindən təqdim olundu. Festivalın digər tədbirlərinə tanınmış İsveçrə rejissoru və xoreoqrafı Daniele Finzi Paskanın quruluşunda akrobatların iştirakı ilə ifa edilən poema, Rusiyanın məşhur Mariinski Teatrı tərəfindən avstriyalı bəstəkar Yozef Haydnın “Kimsəsiz ada” adlı əsərinin müasir versiyası daxil oldu.
Sərgi: Pedro Qomes-Eqanya, “Sleypnir”
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanının yaxınlığı), Bayıl, AZ1003
Tarix: 9 noyabr 2018 – 24 fevral 2019
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00
Giriş