Gürcü rəssamın sərgisi YARATda
YARAT Müasir İncəsənət Məkanı sizi Gürcüstan rəssamı Vaciko Çaçxianinin fərdi sərgisinə dəvət edir. Sərgi, rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirən, tamamilə yeni əsərləri təqdim edir. Bu texnikalardan sənətkar əvvəllər də miflər, ənənələr və mənəvi irsin əsaslı şəkildə marağı üzərində qurulmuş öz immersiv dünyasını yaratmaq üçün istifadə etmişdir.
Öz adını sərgiyə vermiş, qurumuş ağaclardan quraşdırılmış monumental meşə instalyasiyası həm antik dövrlərin, həm də digər tarixi keçmişin bir hissəsi olan heykəlləri özündə cəmləşdirir. Taxta pyedestallarda yerləşdirilmiş köhnə, sınıq-salxaq heykəllər, onları qazıyan natamam pazlarla bərkidilib. Həmin pazlar onları birtəhər tutub saxlayır, yaxud əksinə, bir-birindən aralanmasına təhlükə yaradır. Bu instalyasiya, Gürcüstanda, öz qədim mifologiyası və nisbətən yaxın, daha çox ağrılı-acılı keçmişi arasında olan rəvayətlərin hissə-hissə nəql etməsi mahiyyətinə istinad edir.
Bu “keçilməz” meşədən azca aralıda, taxtadan hazırlanmış 3 anbar var və onlar Gürcüstanın kənd tikililəri kimi təqdim edilir. Onlardan ikisi, daha iriləri, öz donuq və tutqun şüşəli pəncərələri ilə Gürcüstanın verandalarını xatırladır. Forma baxımından onlar V. Çaçxianinin 2017-ci ildə Venesiya Biennalesinin pavilyonunda istifadə etdiyi tikili ilə eynidir. Bu tikililər də insanı nostalji hisslərə qapadan istirahət məkanları, ailə ilə keçirilən gözəl vaxtlar, insanın öz fərdi səviyyəsində yaşatdığı xatirələri, onun mədəni irsi ilə çətin və mürəkkəb əlaqəsini vurğulayır.
Həmin iri tikililərdən birində, nisbətən kiçik anbarda, Şüşə sümüklər adlı yenicə işıq üzü görən video nümayiş etdirilir. Məşhur gürcü nağılında oğul öz anasının ürəyini gerçək olmayan sevgisinə qurban verir. Bu nağılı tutqun və cəsarətli müasir interpretasiyada təqdim edən video, əsrlər boyu mifologiya və folklorun köməyi ilə arzu, həyat və ölüm arasındakı incə əlaqəyə, məşhur Jak Lakanın psixoanalitik nəzəriyyəsini vurğulayır. Rəssam, öz hər şeyi bilmək istəyi və cəsarətli üslubu ilə, bir qayda olaraq, “identiklik”, yəni, ailə, milli mənsubiyyət və “kimlik” anlayışımıza yoxlanılmadan daxil olan nağılları dərindən araşdırır. Rəssamın sözlərinə görə, “bu sərgi, tarix və mifologiya, habelə onların müasir psixologiyanı necə formalaşdırması haqqındadır”.
Sərginin kuratoru Suad Qarayeva-Malekidir.
Rəssam haqqında
Vaciko Çaçxiani (d.1985, Tbilisi, Gürcüstan) Berlində və Tbilisidə yaşayır və fəaliyyət göstərir. Əvvəlcə Tbilisi Texniki Universitetinin riyaziyyat və informatika fakültəsini, daha sonra, 2013-cü ildə Berlin İncəsənət Universitetini (UdK) (tanınmış professor Qreqor Şnayderin sinfi) bitirib. Bu günə qədər bir çox fərdi və qrup sərgiləri keçirilib, o cümlədən: Zigen Müasir İncəsənət Muzeyində (Almaniya) “Both” adlı fərdi sərgisi, 2017-ci ildə Hamburger Kunsthalle-də "WAITING. Between Power and Possibility” və “wieder und wider” adlı iki qrup sərgisi. Bu il (iyun-oktyabr) rəssamın Bundeskunsthalle-də (Bonn) “Heavy Metal Honey” adlı fərdi sərgisi keçirilib. 2017-ci ildə, rəssamın “Living Dog Among Dead Lions” adlı əsəri Culian Heynenin kuratorluğu ilə Gürcüstanın Venesiya Biennalesindəki pavilyonunda nümayiş etdirilib. 2015-ci ildə “Neue Berliner Räume” İncəsənət Mərkəzi və Freie Universität ilə birgə “Many Lives Passing Through While Imitating Death” adlı bayır instalyasiyası Kunsthaus Dahlem-də (Berlin) nümayiş etdirilib.
2018-ci ildə, Vaciko Çaçxiani Los-Ancelesdə “Villa Aurora” təqaüd proqramının və Tokioda “Tokas” rezidenturasının qalibi seçilib. 2017-ci ildə, “Reubens Promotional Award” mükafatına layiq görülüb. Hal-hazırda, Bremen Kunsthalle-də (Almaniya) keçirilən sərgi ilə əlaqədar “Kunstpreis Böttcherstraße 2018” incəsənət müsabiqəsinə namizədliyi irəli sürülüb. Sənətkarın yaradıcılığına müxtəlif filmlər, heykəllər, performanslar, fotoşəkillər və geniş miqyaslı instalyasiyalar daxildir. Onun əsərləri Berlinin “Daniel Marzona” və Tokionun “Scai the bathhouse” qalereyalarında təqdim olunur.
Vaciko Çaçxianinin özəl əsərləri, müxtəlif istiqamətlər təklif edən, dramaturji dolğunluğu ilə seçilən, hər şeyi “bərbəzəkli”, toxunma naxışlarla əhatə edən, laylı və düşüncəli hekayənin ümumi kompozisiyaları ilə xarakterizə olunur. Xarici aləmin reallığı və insanın mənəvi ruhu arasında çox incə tarazlaşdırılmış əlaqə yaradan bu əsərlər, həyat, insan qavrayışı və yaddaş mədəniyyəti kimi ekzistensial məsələlərin dərinliyinə baş vurur.
***
YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.
YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.
2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ( “tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir. Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.
Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.
Könül Qocayeva