“Şaxta babaya məktub”lar oxunacaq...
İl ərzində müxtəlif sosial aksiyalar, tamaşa və konsertlərlə həmyaşıdlarını sevindirən “Oyuq”çular ilin sonunu, Yeni il həyəcanını da yaddaqalan edəcək.
Belə ki, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası “Şaxta babaya məktub” adlı xeyriyyə aksiyasını keçirəcək.
Dekabrın 25-də (saat 12:00) baş tutacaq aksiyada Bakının uşaq evi, internat məktəbi və sığınacaqlarında yaşayan 50-60 nəfər uşağın Şaxta Babaya ünvanladıqları məktublardakı rəngarəng arzuları reallaşdırılacaq. Belə ki, bir neçə gün öncədən aksiya təşkilatçılarının ünvanına göndərilən onlarla istək məktubundakı oyuncaqdan geyimə bütün əşyalar alınacaq və elə tədbir günü Şaxta Baba tərəfindən onlara təqdim olunacaq.
Təbii ki, tədbir bununla məhdudlaşmayacaq və balacalarımızın sevimli səhnələrindəki əsas arzuları – tamaşa nümayişi də reallaşacaq.
Unudulmaz günün premyerası isə maraqlı ideyası və səhnə yozumu ilə yaddaşlarda iz qoyacaq “İki meşənin nağılı” tamaşası ilə olacaq. Səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunacaq.
Iki fərqli meşədə baş verən hadisələrin fonunda balacalara sevgi və humanizm aşılayan səhnə işinin əsas ideyası “dünyanı dostluq xilas edəcək” şüarıdır.