Möhtəşəm "Baku Coffee & Tea Festival"ı - FOTOLAR
Qəhvənin tarixi:
İnsanlar ilk dəfə qəhvəni 3000 il bundan əvvəl içməyə başlayıblar. Qəhvənin vətəni Efiopiya sayılır. Köçərilər buradan onu Yəmənə gətiriblər və beləliklə də bu bitki becərilməyə başlanıb. Qəhvə on yeddinci əsrin əvvəllərində Avropada əvvəlcə İngiltərəyə, sonra isə Fransaya gətirilib. Rusiyaya gətirilmə tarixi isə 1665-ci ilə təsadüf edir. Beləliklə Rusiyadan da Azərbaycana gəlib.
Möhtəşəm "Baku Coffee & Tea Festival"ı
11-13 yanvar tarixində Bakıda möhtəşəm Qəhvə və Çay Festivalı ("Baku Coffee & Tea Festival") təşkil olundu. Festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşdı. Sərgidə həm yerli, həm də xarici qəhvə və çay şirkətləri iştirak etdi. Festivalın keçirilməsində məqsəd qəhvəni Azərbaycanda çay qədər məşhurlaşdırmaqdır. Azərbaycanda artıq ikinci dəfə təşkil olunan tədbirə Türkiyə və Kolumbiyanın ölkəmizdəki səfirlikləri də qatıldılar.
Üç günlük festival ərzində şəhərin bütün çay və qəhvə professionalları bir araya gəldi. Belə ki, festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) barista üzrə milli çempionat keçirilir. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında Bosniya və Hersoqovinada keçirilməli olan Dünya Barista Çempionatında ("World Barista Championship") təmsil edəcək. Bununla da ilk dəfə Azərbaycan öz baristası ilə dünya arenasına çıxacaq.
Festivalda Azərbaycan stendləri
Festivalda Azərbaycana məxsus iri şirkətlərdən “Veysəloğlu”, “Azərçay” “İlli” və s. öz məhsullarını ziyarətçilərə təqdim etdilər. Yerli şirkətlərin çay və kofelərindən dadan qonaqlar heyran qaldıqlarını biruzə verirdilər. Stendi təqdim edən xanımlar isə məhsulların yaranmasından tutmuş keyfiyyəti və faydaları haqda ətraflı bilgilərini bölüşürdülər.
Türkiyə-Azərbaycan birliyi - “Türkiyəsiz olmaz”
Festivalda Türkiyə sendində ayaq saxlamamaq qeyri-mümkün idi. Hər şey rahat, doğma... Hətta üst geyimlərimizi belə stendin arxasında saxlayacaq qədər...
Türkiyə səfirliyi mədəniyyət və turizm müşavirinin müavini Adəm Keleş ilə qısa söhbətləşsək də, geniş məlumat əldə edə bildik:
- Bizim qəhvə mədəniyyətimiz qədimlərə dayanır. Buraya gələn Azərbaycan vətəndaşı və əcnəbilər üçün türk qəhvəsi təqdim edirik və qəhvəni insanlara tanıdırıq. Türk qəhvəsinin özəlliyi gəlincə, onun tarixi lap keçmişlərə dayandığı üçün dad və ləzzət baxımından tamamilə fərqlidir. Bu, damaq dadına görə dəyişir, amma gərçək qəhvə yalnız türk qəhvəsidir. Türk qəhvəsinə çox şəkər qatsanız, o, ləzzətini itirər. Başqa qəhvələrə isə şəkər qatdıqca daha da şirinləşir, türk qəhvəsinin əsl içmə qaydası şəkərsiz olanıdır. Bizdə elçiliyə gedəndə qız qəhvə hazırlaya bilmirsə, onu istəməzlər. Elçiliyə gələn oğlanın qəhvəsinə həmişə duz qoyarlar ki, bu proses onun “duzlu qəhvəni içib bütün çətinliklərə baxmayaraq qəbul edirəm” deməsi kimi başa düşülür.
Əslinə qalsa, planlarımız başqa idi. Təşkilatçıların israrından sonra festivala qatılmağı qərara aldıq. Dedilər, “Türkiyəsiz olmaz”.
Bizim türk qəhvəsi ilə bağlı çox geniş tanıtma günlərimiz və sərgilərimiz olacaq. Necə deyərlər, bir fincan türk qəhvəsi içiləndə 40 il unudulmaz.
Onu da əlavə edək ki, ziyarətçilərin çoxluğunu nəzərə alan Adəm bəy işçilərlə bərabər hər kəsi qəhvə və tatlıya, həmçinin səhləbə qonaq etdi. Elə biz də qollarımızı çırmalayıb, onlara – qardalarımıza yardımçı olmağı özümüzə borc bildik.
Hazırladı: Könül Aypara