Ofeliya Aslan Musiqili Teatrda yad ediləcək - FOTOLAR
Mediapress.az xəbər verir ki, 25 yanvar saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” iki hissəli operettasının növbəti nümayişi Respublikanın görkəmli kino və teatr artisti, mərhum Ofeliya Aslanın 80 illik yubileyinə həsr ediləcək.
Səhnə əsərində rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlov oynayacaqlar.
Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı aktrisanın yaradıcılıq yolu barədə çıxış edəcək.
Özünəməxsus ifası ilə hər zaman tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanan, sevilən aktrisa vaxtı ilə bu tamaşada həyat yoldaşı – böyük gülüş ustası Səyavuş Aslanla (Vəli) tərəf-müqabili olmuş, Telli rolunu ifa etmişdir.
Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakıda, sənətkar ailəsində dünyaya göz açıb. Atası – Xalq artisti Rza Əfqanlı görkəmli aktyor, anası – Xalq rəssamı Bədurə Əfqanlı ilk azərbaycanlı qadın teatr rəssamı olub. Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa kimi işləyən O.Aslanın 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Mədəniyyət və İncəsənət Universitetinin) “Musiqili Komediya aktyoru” fakültəsini bitirəndən sonra Musiqili Teatrdakı ilk rolu “Durna” komediyasında Lalə olub. Bundan sonra “Beş manatlıq gəlin” (Gülnaz), “Arşın mal alan” (Telli), “Hicran” (Çarliston), “Axırı yaxşı olar” (Dilbər), “Bankir adaxlı” (Səmayə) və digər tamaşalarda, həmçinin, “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda yaddaqalan obrazlar yaratmış, “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilmişdir. O, teatrın truppası ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş SSRI-nin xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin “Ana mən evlənirəm” əsərində Bibixanım rolunda oynamışdır.
18 may 2010-cu ildə 71 yaşında vəfat etmişdi.