Xalq yazıçısının 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək - Prezident sərəncamına əsasən
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi dövlət səviyyəsində qed ediləcək. Mediapress.az xəbər verir ki, prezident İlham Əliyev yanvarın 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcəklər.
Sərəncamda vurğulanır ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur. İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.