Dünyanın ən təhlükəsiz ölkəsi hansıdır?! - Azərbaycan 128 dövlət arasında 71-ci yerdədir
Dünyanın hansı ölkəsinin təhlükəsiz olduğu barədə xüsusi cədvəl tərtib olunub. Mediapress.az Global Finance jurnalının saytına istinadən xəbər verir ki, siyahı hazırlanarkən əsas bir neçə kriteriya götürülüb. Hərbi konfliktlərin baş vermə ehtimalı, vətəndaşların həyatlarına təhlükə səviyyəsi, iqtisadi inkişaf tempi, həmçinin təbii fəlakətlər riski ölçü vahidi kimi nəzərə alınıb. Təqdim olunmuş yeni cədvəldə Azərbaycan Rusiyanı, Ukraynanı, hətta Türkiyəni qabaqlayaraq 71-ci yerdə bərqərar olub. Şimal qonşumuz Rusiya iqtisadi inkişaf tempinin zəifləməsi və cinayətkarlığın sayının artması baxımından 108-ci yerdə qərarlaşıb. Yaşamaq üçün ən təhlükəsiz ölkə İslandiya elan edilib. İsveç və Finlandiya analoji olaraq 2 və 3-cü yerləri bölüşürlər.
İlk onluğa Portuqaliya, Avstriya, Norveç, Qatar, Sinqapur, Danimarka, Yeni Zelandiya kimi ölkələr daxil ediliblər. ABŞ cinayətkarlığın səviyyəsinə və təbii fəlakətlərin yüksək ehtimalına görə yalnız 65-ci yerdə qərar tuta bilib. .
Türkiyə bu reytinqdə 107-ci yerə layiq görülüb. Qardaş ölkə hərbi konfliktlərin baş vermə ehtimalı, vətəndaşların həyatlarına təhlükə səviyyəsi, həmçinin təbii fəlakətlər riskinə görə bu yerə layiq görülüb.
128 dövlətdən ən təhlükəliləri isə ardıcıllıqla Qvatemala, Yəmən və Filippin elan edilib.