Nəsimişünaslar dilə gəldi: Afət ucuz yolla tanınmaq istəyib - AÇIQLAMA
Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsindən sonra böyük Azərbaycan şairi İmadəddin Nəsimi ətrafında müzakirələr artıb.
650 illik yubileyi olan şairin yaradıcılığı diqqət mərkəzinə gəlib, hətta müğənnilər də onun qəzəllərinə müraciət etməyə başlayıblar.
Şairin məşhur "Sığmazam" qəzəlinin “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam” bəndində "iki" yoxsa "ikən" sözünün işlədilməsi yenə də müzakirə predmetidir. Kimi qəzəldə cahanın bir, kimi iki olduğunu deyir.
Mediapress.az bu məsələyə aydınlıq gətirmək üçün ədəbiyyatşünaslara üz tutub.
Filologiya elmləri doktoru, professor, məşhur şair Vüqar Əhməd qəzəllə bağlı fikirlərini oxucularımızla bölüşüb:
“O vaxt Bəxtiyar Vahabzadə qəzəldə o sözün “ikən” olduğunu irəli sürdü. Lakin bütün Nəsimişünaslar bildirir ki, Nəsiminin divanlarında “iki cahan” yazılıb. “Məndə sığar ikən” yoxdur, “Məndə sığar iki cahan”dır. İki cahanın isə bir çox anlamları var. Nəsimi qəzəlində iki dünyanı təsvir edib: yaşadığın və öldüyün dünya.
Deyirlər ki, guya Nəsimi ateist olub, amma bu, doğru deyil. O, əhli-beyt şairi olub. Həzrət Əliyə qəzəl yazıb. “Quran”ı bilməyən Nəsimi yaradıcılığına qiymət verə bilməz. O, ərəb, fars və türk dilində üç divan yaradıb. Mənim də məqaləm var: “Bəşər Nəsimi soyundandır”.
Vüqar Əhməd müğənni Afət Fərmanqızının dahi şair İmadəddin Nəsiminin qəzəlinə “Pəncu Şeş” adlı mahnı ifa etməsinə münasibət bildirib.