\
25 Noyabr 2024 - Bazar ertəsi

Musiqili Teatrın gənc sənətçisi “İlin aktrisası” oldu

Musiqili Teatrın gənc sənətçisi “İlin aktrisası” oldu
2595baxış

Mediapress.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2 Fevral - Gənclər Günü münasibətilə 2017-ci ildə uğurlu fəaliyyəti ilə fərqlənmiş gəncləri mükafatlandırıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, "İlin gənc aktrisası” nominasiyasında mükafata Azərbaycan Dövlət Musiqili Teatrının solisti Aydan Həsənova layiq görülüb. Səhnə fəaliyyətinə başladığı qısa zaman ərzində  məlahətli səsi və  aktyorluq məharətilə tamaşaçıların qəlbinə yol tapan istedadlı aktrisa Ü.Hacıbəylinin “O olmasın, bu olsun” (Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin "Baladadaşın toy hamamı” (Bikə), V.Ulanovski, V.Orlov “Qızıl Cücə” (Dovşan), Qrim qardaşlarının ”Bremen musiqiçiləri” əsasında A.Sadıqovun “Bremen musiqiçiləri və Pen” (Vendi) tamaşalarında ifa etdiyi obrazların  öhdəsindən peşəkarlıqla gələrək teatrsevərlərin rəğbətini qazanıb.

Aydan Həsənova 2016-ci ildə Yekatrinburqda keçirilən V.Kuroçkin adına “Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə III yerə, 2017-cü ildə isə, Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.

"Belə bir əlamətdar gündə mükafat aldığım üçün özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu mükafat mənim simamda teatrımızın bütün gənclərinə verilib. Fürsətdən istifadə edib bizə daim diqqət göstərən Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Teatr Xadimləri İttifaqına minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bundan sonrakı fəaliyyətimdə daha çox uğura imza atım”, - deyə Aydan Həsənova bildirib.

Hazırladı: Könül AYPARA