Milli Teatr Günündə Bakı Uşaq Teatrı yeni mükafat təsis etdi - "Gümüş Körpə" - Eksklüziv - FOTOLAR
Dünən Azərbaycan teatrının yaranmasının 146-cü ildönümü qeyd edildi.
Bildiyimiz kimi, Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.
Dünən Azərbaycanda fəaliyyət göstərən bir çox teatrlarda Milli Teatr Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi. Həmin tədbirlərin biri Bakı Uşaq Teatrının təşəbbüsü ilə baş tutdu. Belə ki, Kukla Teatrında (Bakı Uşaq Teatrı 2001-ci ildən fəaliyyət göstərsə də, hələ də özünəməxsus binası yoxdur-K.A.) BUT-nın direktoru, əməkdar artist İntiqam Soltan və kollektivi jurnalistlər üçün yığıncaq təşkil etdi. O, getdikləri uzun, incə yol və fəaliyyətləri, həmçinin “Nəsimi ili” ilə bağlı təşkil etdikləri repertuarları, qastrol səfərləri haqda məlumat verdikdən sonra təsis etdikləri “Gümüş Körpə” medalyonunu Bakı Uşaq Teatrının fəaliyyətinin işıqlandırılmasında zəhməti keçən jurnalistlərə hədiyyə etdi. Beləliklə, bu medalyon demək olar ki, Bakı Uşaq Teatrının həm simvolu, həm də loqosu oldu.
Medalyon Mediapress.az saytından Könül Ayparaya, Kaspi.az saytından Xəyalə Rəisə, Open.az saytından Ülviyyə Həsənqızına, "Üç nöqtə"dən Emin Nəbiliyə və digərlərinə diplomla birgə təqdim edildi. Mükafata layiq görülənləri təbrik edir, Bakı Uşaq Teatrının kollektivinə “Nəsimi ili”ndə yeni mənzillə - yeni bina ilə təmin edilmələrini arzulayırıq!
Könül Aypara