\
24 Noyabr 2024 - Bazar günü

İsveçrəli musiqiçilər Bakı və Sumqayıtda konsert verəcəklər

İsveçrəli musiqiçilər Bakı və Sumqayıtda konsert verəcəklər
1794baxış

Mediapress.az xəbər verir ki, İsveçrə Səfirliyi Frankofoniya həftələri çərçivəsində isveçrəli musiqiçilərin Bakı və Sumqayıtda konsertini təşkil edəcək. Musiqili duet Mark Aymon və Efraim Salzman martın 30-u, saat 19.00-da Bakının Muğam Mərkəzində tamaşaçıların önünə çıxacaq. Aprelin 1-i, saat 19.00-da isə isveçrəli musiqiçilərin Sumqayıt Dövlət Dram Teatrının binasında konsert verəcəklər. Bu konsert səfirliklə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı sayəsində baş tutacaq.

“Ah gözəl yay! Əbədi nəğmələr” adlanan bu layihədə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazgar mahnıları ifa edəcəklər. Bu cütlük keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların qəlbini fəth edib.

Mark Aymon 1982-ci ildə İsveçrənin Sion şəhərində anadan olub. O səyahət və incəsənətə vurğun bir müğənnidir. O, "The astronaut", “An almond tree in winter”, "Marc Aymon” və "Of a single mouth” adlı dörd diskin müəllifidir. Onun mahnıları xüsusilə Cənubi Amerika, Afrika, İran, ABŞ və bütün fransız dilli ölkələrdə dilləri dolaşıb. O, həmçinin saysız-hesabsız konsertlərlə yanaşı Nyonda Paleo Festivalı da daxil olmaqla bir sıra məşhur festivallarda iştirak edib.

Ephraim Salzmann 1975-ci ildə İsveçrənin Naters şəhərində anadan olub və uşaqlığından bəri daim musiqi ilə təmasda yaşayıb və işləyib. O, ritm və zərb alətlərinə valeh olaraq müxtəlif alətlərdə Valais dulcimer, drums, Kotamo, Handpan, Bockhornxylo, Glasudu və s. ifalarla yadda qalıb. 20 ildən artıqdır ki, İsveçrənin Valaisdəki dünya səhnəsində və Almaniyada səhnəyə çıxır.

Könül Aypara