\
25 Noyabr 2024 - Bazar ertəsi

Musiqili Teatrda Qara Qarayev anıldı

Musiqili Teatrda Qara Qarayev anıldı
1768baxış

Mediapress.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, akademik Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Səhnə əsərində ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib.

Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.

Tamaşada bu dəfə Nurcahan rolunu Əməkdar artist Nərgiz Kərimova ifa edib. Qeyd edək ki, bu sənət ocağında Nurcahan obrazını əvvəllər Xalq Artisti Şükufə Yusupova canlandırıb.

Tamaşada digər rolları Əməkdar Artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa ediblər. Səhnə əsərinin dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeyster Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Ölməz bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunan və çox uğurlu keçən bu tamaşada Bakıda yerləşən diplomatik korpusun nümayəndələri, elm və incəsənət xadimləri, həmçinin, Rusiya, Polşa və Gürcüstandan gələn qonaqalar iştirak ediblər.