\
24 Noyabr 2024 - Bazar günü

Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə...

Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə...
1963baxış

Mediapress.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq.

Belə ki, tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq Teatr bayram günlərində iyunun 5-də saat 19:00-da Qəbələ Konqress Mərkəzində milyonların sevimlisi, "Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyasını nümayiş etdirəcək.

Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar - Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.

2015-ci ildən teatrın repertuarına daxil olan və hər dəfə uğurlu nümayişi ilə yaddaşlarda qalan bu tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir. Tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü gizlətməsə toyu təxirə düşəcək və onların bir sıra maddi maraqları alt-üst olacaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Əsl tragikomik həngamə də bundan sonra başlayır…

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir. Kollektiv sifarişlər qəbul olunur! Biletlər məhduddur!