\
24 Noyabr 2024 - Bazar günü

Bakı yaz caz günləri başlayıb

Bakı yaz caz günləri başlayıb
1852baxış

Mediapress.az xəbər verir ki, artıq üçüncü ildir paytaxtımızda bir ənənəyə çevrilmiş “Baku Summer Jazz Days” (Bakı yaz caz günləri) festivalı dünya ulduzlarının iştirakı ilə konsertlər silsiləsi keçirir.

İyunun 10-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində məkan alan “Baku Summer Jazz Days” festivalının ilk konsertində müasir caz aləmində yaxşı tanınmış şeypur ifaçısı Erik Truffazın kvarteti dinləyicilərə təqdim edilib. Zərb alətlərində Artur Hnatek, bas-gitaraçı Marçello Guiliani, piano və elektron-dilli alətlər ifaçısı Patrik Müller ilə zəngin proqram təqdim edərək, Erik Truffaz müasir caz aləminin aparıcı üslub təmayülləri – drum-n-base, fusion, jazz-rock və digərlərini qovuşduran zəngin proqramla bakılı dinləyicilərin hərarətli alqışlarını qazanıb.

Erik Truffaz öz kvarteti ilə hazırda Avropanın şərəflə qarşılanan proqressiv ifaçılarındandır. Hər dəfə bir-birindən fərqli layihələri təqdim edib, caz həvəskarlarına böyük zövq verən musiqi bəxş edir.

Beynəlxalq Muğam Mərkəzində Erik Truffazın ilk konserti festivalın əlamətdar caz axşamı və müqəddiməsi kimi yadda qalacaq.

Qeyd edək ki, festivalın təşəbbüskarı, bədii rəhbəri və təşkilatçisi “Premier LTD Art Management” prodüser agentliyi və onun direktoru Nəzakət Qasımovadır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhərin ən mərkəzi zal və meydanlarında keçirilən bu festival iyunun 15-dək davam edəcək.