\
24 Noyabr 2024 - Bazar günü

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq - FOTOLAR

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq - FOTOLAR
1787baxış

Mediapress.az xəbər verir ki, iyulun 5-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli incəsənət xadimi, pedaqoq, rejissor Faiq Zöhrabovun xatirəsi anılacaq.

Yarım əsrdən çoxdur ki, Faiq Zöhrabovun quruluş verdiyi ''Talelər qovuşanda" (Rauf Hacıyev) operettası 132-ci dəfə həmin gün oynanılacaq, sənət dostları unudulmaz rejissora ehtiram və sevgilərini bir daha nümayiş etdirəcəklər.

Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı sənətkarın çoxşaxəli yaradıcılıq yolu barədə danışacaq.

Uzun illər boyu teatrın səhnəsindən maraqla izlənilən bu tamaşada F.Zöhrabovun qızı, bir çox beynəlxalq müsabiqələrdə geniş vokal imkanlarını sərgiləyən Respublikanın Əməkdar artisti Nərgiz Kərimova ilə yanaşı, digər Əməkdar artistlər – Novruz Qartal, Nahidə Orucova, aktyorlar - Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Güldanə Əzimova, Ülviyyə Əliyeva, Emil Heydərov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları da oynayacaqlar. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, dirijoru Səməd Süleymanlı, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürrəhmanova, rejissor assistent Elməddin Dadaşovdur.

Qeyd edək edək ki, Azərbaycan incəsənətində, teatrında müstəsna rolu olan Faiq Ramazan oğlu Zöhrabov 1939-cu ildə Bakıda dünyaya göz açıb. 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. O, 1963-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirdikdən sonra, 1968-1985-ci illərdə həmin təhsil ocağında “Aktyor sənəti” kafedrasında dərs deyib. 1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət edilib və orada 4 il baş rejissor vəzifəsində çalışıb, müxtəlif tamaşalara quruluş verib. 1988-ci ildən F.Zöhrabov Tədris Teatrının direktoru və İncəsənət Universitetinin “Musiqili teatr” kafedrasının dosenti olub.

Bir çox rejissor və aktyorun sənətə vəsiqə almasında əvəzsiz xidmətləri ilə bu gün də unudulmayıb.

1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi karyerasını davam etdirməsi isə onun həyatında yeni uğurlu bir səhifə açıb. “Dəli dünya”, “Bankir adaxlı”, “Məhəbbət oyunu”, “Talelər qovuşanda”, “Aldın payını, çağır dayını” onun gərgin və yorulmaz zəhmətinin bəhrəsidir. Onlardan “Talelər qovuşanda” əsərinin şöhrəti isə ölkəmizin hüdudlarından da uzaqlara gedib çıxıb. 59 il əvvəl - 1960-cı ilin iyun ayında ilk dəfə Musiqili Teatrda səhnəyə qoyulan və indiyə qədər bir çox korifey aktyorlarımızın rol aldığı bu gözəl tamaşa Rusiya, Bolqarıstan, Polşa, ümumiyyətlə, dünyanın müxtəlif yerlərində 70-dən çox teatr səhnəsində nümayiş olunub.

Qeyd edək ki, Akademik Musiqili Teatrın aktrisası, Əməkdar artist Nərgiz Kərimova atasının dəvəti ilə 2002-ci ildən bu tamaşada iştirak edir və bütün varlığı ilə ona qalan əmanəti əzizləyib qoruyur