Paytaxt Bakı iki mühüm tədbirə ev sahibliyi edəcək
1757
2019-cu il 28 sentyabr - 4 oktyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə Azərbaycan paytaxtında “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək.
Mediapress.az xəbər verir ki, bu festival çərçivəsində sentyabrın 29-30-da “İslam Dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi təşkil olunacaq. Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qərarına əsasən, görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il “Nəsimi ili” elan olunmuşdur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən təşkil olunan sözügedən festival və konqres məhz “Nəsimi İli”-nə həsr olunub. İçərişəhər İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərin əsas məqsədlərindən biri də iştirakçı ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır. “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” konqresində İslam Şərqinin 35 ölkəsindən dövlət orqanlarının nümayəndələri, alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, biznes, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər. Konqresin gündəliyinə əsasən, tədbirdə aşağıda qeyd olunan istiqamətlərdə geniş diskussiyalar təşkil olunacaq: - Bədii toxuculuq – tekstil, xalça sənəti, kəlağayı və s. - Bədii metalişləmə – zərgərlik sənəti, misgərlik və s. - Bədii oyma sənəti – daş, ağac və s. İki gün davam edəcək Konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidələrinə ziyarətlər nəzərdə tutulub. Konqresin gedişatında Azərbaycan, ərəb və ingilis dillərindən istifadə olunacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) arasında qarşılıqlı əməkdaşlığa dair 2018-ci il noyabrın 26-da İstanbul şəhərində müqavilə, cari ilin 2 may tarixində isə Bakıda memorandum imzalanmışdır. İslam Əməkdaşlığı Təşkilatının qurumu olan IRCICA 1980-ci ildən fəaliyyət göstərir. Qısa zaman ərzində dünyanın mötəbər təşkilatına çevrilən qurum hazırda 56 islam ölkəsini öz ətrafında birləşdirir. Qeyd olunmalıdır ki, qorunub saxlanılan və nəsildən- nəslə ötürülən ənənələrlə zəngin İçərişəhərin ərazisində bu gün də sənətkarlığın dirçəlişi müşahidə edilir. Təsadüfi deyil ki, qədim şəhər ərazisində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi fəaliyyət göstərir. Mərkəz keramika, batik, zərgərlik və ağac üzərində oyma sənəti kimi dörd sənətkarlıq sahəsi üzrə fəaliyyət göstərir. Burada hər bir sənət əsəri ənənəvi prinsip və texnikanın müasir dövrün nailiyyətləri ilə ahəngdarlıq təşkil edir. Konqresin keçirilmə yeri: Bakı şəhəri, Asəf Zeynallı küç., 20/85. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Konfrans zalı
Könül