Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi təntənə ilə qeyd edilib
Oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olub və görkəmli aktyorlarımızın tarixi rolları canlandırarkən istifadə etdikləri geyimlərə baxıblar.
Təntənəli yubiley gecəsi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə reallaşıb.
Qonaqları salamlayan Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov teatrın tarixinə nəzər salıb, görülən işlərdən və əldə olunan uğurlardan söz açıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyinin keçirilməsinin qürurverici hal olduğunu vurğulayan Azər Paşa Nemətov bildirib ki, 1919-cu ildə kiçik dəstələrdən ibarət teatr truppaları birləşdirilərək ilk dövlət teatrı yaradılıb.
Teatrın yarandığı gündən çox böyük və keşməkeşli yol keçdiyini söyləyən Azər Paşa Nemətov deyib ki, sənət ocağının səhnəsində ilk olaraq “Azər və Baycan” adlı tamaşa nümayiş olunub.
Azərbaycan tarixində yaşananların teatrdan da yan keçmədiyini söyləyərək 1937-cillərin qanlı repressiyalarına məruz qalanların sırasında bu sənət ocağının da aktyorlarının olduğunu vurğulayıb. O, İkinci Dünya müharibəsi zamanı teatrın aktyorlarının şücaətini də qeyd edib.
Teatrın bugünkü uğurlarında görkəmli rejissorların, ədiblərin böyük zəhmətinin olduğunu qeyd edən Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru deyib: “1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra teatra çox böyük dəstək göstərib. O, hər dəfə bizim premyeralara gələr, tamaşalardan sonra səhnə arxasında aktyorlarla görüşər, hamısı ilə bir-bir maraqlanardı. Onun qayğısı nəticəsində aktyorlarımız mükafat və fəxri adlarla təltif edilib, evlə təmin olunublar. Biz sevinirik ki, bu gün bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Dövlətimizin başçısı heç zaman teatra biganə yanaşmayıb. Çox sevinirəm ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu, bir daha göstərir ki, dövlətimizin başçısı teatrı unutmur, teatrı yaşadır”.
Gecədə “Ulu öndər Heydər Əliyev və teatr” və “Prezident İlham Əliyev və teatr” mövzularında videoçarxlar nümayiş etdirilib.
Teatrın kollektivini təbrik edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yol keçdiyini, ötən 147 illik zaman kəsiyində cəmiyyətin mənəviyyatının mənbəyi rolunu oynadığını bildirib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Akademik Milli Dram Teatrının 1919-cu il oktyabrın 24-də dövlət statusu aldığını vurğulayan nazir deyib ki, bununla da Azərbaycan teatrının yeni tarixi başlayır. Nə gözəldir ki, müstəqil Azərbaycan bu tarixi yaşadır və gələcəyə doğru aparır.
Ə.Qarayev bildirib ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının bu il yekunlaşdığını diqqətə çatdıran nazir teatr xadimləri ilə birgə növbəti illərin proqramını hazırladıqlarını bildirib.
Nazir Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti nəticəsində teatrlarımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Ə.Qarayev bu gün Zəngilanın işğalından 26 il ötdüyünü vurğulayaraq qeyd edib ki, Azərbaycan mədəniyyətinə daim təcavüz olunub. O deyib: “Bu təcavüzə layiqli cavab isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsidir. Prezident İlham Əliyevin səyləri nəticəsində torpaqlarımız geri qayıdacaq və bu gün məcburi qaçqın taleyi yaşayan teatrlarımız geri dönərək fəaliyyətlərini orada davam etdirəcəkdir”.
O, sonra Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə teatr əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlarını oxuyub.
Gecədə teatrın sənət yolu, burada fəaliyyət göstərən dramaturqlar, rejissorlar, rəssamlar, bəstəkarlar və korifey aktyorlar haqqında videoçarxlar nümayiş olunub.
Dünya teatr xadimləri və rejissorlarından – Gürcüstan Teatr Xadimləri Cəmiyyətinin sədri Georgi Qeqeçkori və Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze, Beynəlxalq Çexov Teatr Festivalının baş direktoru, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının sədri Valeri Şadvin, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının bədii rəhbəri, SSRİ Xalq artisti Robert Sturua və başqaları çıxışlarında teatrın kollektivini təbrik ediblər.
Gecədə Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaginin, Aleksandrinski Teatrının bədii rəhbəri Valeri Fokinin, Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvintin, Sankt-Peterburq Malıy Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodinin təbrikləri səsləndirilib.
Mərasimdə, eyni zamanda, teatrın 100 illik yubileyinə həsr olunan “Akademik Milli Dram Teatrı – 100” kitab-albomu təqdim edilib. Gecə musiqili proqramla davam edib. Mediapress.az