\
24 Noyabr 2024 - Bazar günü

Akademik Musiqili Teatrda Atillanın ilk solo konserti alqışlarla qarşılanıb

Akademik Musiqili Teatrda Atillanın ilk solo konserti alqışlarla qarşılanıb
1817baxış

Mediapress.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Atilla Məmmədovun "Ey Vətən!" adlı ilk solo konserti keçirilib. Konsertdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrın kiçik yaşlı aktyorunun yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bundan öncə olduğu kimi, növbəti aylarda da teatrda çalışan Prezident təqaüdçülərinin konsertlərinin mütəmadi şəkildə təşkil ediləcəyini söyləyib.

"Azərbaycanda xüsusi qabiliyyəti ilə seçilən uşaqlara dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. Səs imkanlarına, görə yaşıdlarından fərqlənməyi bacaran Atilla Məmmədov da onların sırasındadır. Hələ 6 yaşında ikən ifaçılığa başlayan, bir çox beynəlxalq müsabiqə və festivalların qalibi olan bu balaca oğlanın adı 2017-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Gənc istedadların “Qızıl kitabı"na yazılıb və Prezident təqaüdünə layiq görülüb... Elə həmin ildən Akademik Musiqili Teatrda çalışan Atilla ötən mövsümdə premyerası olan "Balaca Şahzadə" (A.S.Ekzüperi, R.Ağababayev) tamaşasında Balaca Şahzədə obrazını canlandırmaq üçün müsabiqə vasitəsilə qəbul edilib və bu gün də tam məsuliyyətlə vurğulaya bilərəm ki, biz seçimimizdə yanılmamışıq”, – deyə Ə.Lalayev onu bir daha mötəbər qonaqlara yaxından təqdim etdi.

Qeyd edək ki, o, "Azərbaycan" (M.Maqomayev, N.Xəzri), "Sevgili canan" (Ü.Hacıbəyli, N.Gəncəvi), "Ana" (S.Əliyeva, F.Qoca), "Dichitenchello Vuie" (R.Falvo, E. Fusco), "O Sole mio" (G. Capurro, E.Di.Kapua), "Hava nagila" (Yəhudi xalq mahnısı), "L’italyano pero" (T.Kutunyo, K.Minellono) və "Ey Vətən" (E.İbrahimova, A.Abdullayev) mahnılarını solo ifa edib. Onunla eyni ildə Prezident mükafatına layiq görülən Bakı Musiqi Akademiyasının tələbəsi Lalə İbrahimova ilə "Quizas, Quizas, Quizas" (O.Faresa) və Bakıda keçirilən “Zima-2016" uşaq musiqi festivalından tanıdığı, milliyətcə fransız vokalçı Məryəm Mayqari ilə "I will survive" (F.Perren, D.Pekaris) mahnılarını duet şəklində oxuyub.

Konsertdə Atillanı 3 saylı musiqi məktəbinin müəllimləri – Sevinc Əzizova, Həsənağa Səmədov, Aytən Cəfərovanın rəhbərliyi ilə həmin məktəbin "Divizi" xoru və Azərbaycan Milli Konservotoriyasının iranlı tələbəsi Talebi Ruzbeh müşayiət ediblər. Burada ifa olunan estrada mahnılarını, həmçinin bu yaxınlarda Moskva şəhərində keçirilən "Во весь голос" adlı

beynəlxalq televiziya müsabiqəsindəki çıxışlarını Ukraynalı pedaqoq Anastasiya Budakva ilə birgə hazırlayıb.

Sonda onun təhsil aldığı Arif Hüseynzadə adına 20 nömrəli məktəb liseyin direktoru Səadət Veysova və Cövdət Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin direktoru Mehin Orucova çıxış edərək, Atilla Məmmədovun nümunəvi şagird olduğu ilə fəxr etdiklərini bildiriblər və rəhbərlik etdikləri təhsil müəssisələrinin müəllim və şagird heyəti adından təbrik ediblər.

Gül-çiçək dəstələri və alqışlarla qarşılanan vokalçı bu konsertin ərsəyə gəlməsində rolu olan hər bir kəsə təşəkkürünü bildirib.