Akademik Musiqili Teatrda "Toya bir gün qalmış" 40-cı dəfə...
15 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Şöhrət” ordenli Xalq artisti, milyonların gülüş payı Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” iki hissəli komediyası 40-cı dəfə nümayiş olunacaq.
Mediapress.az xəbər verir ki, tamaşaçıların hər dəfə böyük maraq və rəğbətlə qarşıladığı bu tamaşa 2015-ci ildən teatrın repertuarındadır və artıq neçə ildir ki, uğurla nümayiş olunur. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları – Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar – Möylə Mirzəliyev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.
Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir.
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.