Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atabəy İsmayılov olacaq
24 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının möhtəşəm səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun solo konserti keçiriləcək.
Mediapress.az xəbər verir ki, 5 müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara, violonçel, kontrabasda mükəmməl ifa bacarığı olan musiqiçi ilə birlikdə səhnədə Əməkdar artistlər – Lalə Məmmədova (vokal), Toğrul Əsədullayev (kamança), Ruslan Hüseynov (bass gitara), İsgəndər Ələsgərov (zərb alətləri), Kamran Kərimov (nağara), beynəlxalq müsabiqələr laureatları – Pərviz Məmmədov (fortepiano), İlqar Baxşıyev (truba), bəstəkar Pikə Axundova (fortepiano), Ramin Pələngov (balaban), musiqiçinin bacısı – Bülbül adına orta ixtisas məktəbinin 9-cu sinif şagirdi Ülkər İsmayılova (violonçel) maraqlı musiqi nömrələri ilə çıxış edəcəklər.
Konsertin dirijoru, Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN" xidmət mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.