Mədəniyyət naziri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri ilə görüşüb
Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 21-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey işi, abidələrin mühafizəsi və s. sahələrdə qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edilib.
Nazir Əbülfəs Qarayev mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında memorandumun imzalanmasını, eləcə də kitabxana sistemində, mədəni irs istiqamətində, muzey işi üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb. Bu sahələrdə birgə əməkdaşlığın qurulmasının ölkələrimiz arasında təcrübə mübadiləsinə, innovativ yanaşmanın tətbiqi və daha da inkişafına kömək edə biləcəyi qeyd olunub.
Mediapress.az xəbər verir ki, nazir ölkəmizdə inkişaf mərhələsində olan yaradıcı və mədəniyyət sənayeləri üzrə ABŞ-ın təcrübəsindən istifadə etməkdə maraqlı olduğumuzu bildirib, bu sahədə də müasir yanaşmaların ölkəmizdə tətbiqi üçün xüsusi təlim və treninqlərdə iştirakın əhəmiyyətini qeyd edib.
Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Örl Litzenberger iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan geniş potensialdan səmərəli istifadə edilərək əlaqələrin daha da inkişafına inamını ifadə edib. Diplomat vurğulanan sahələr üzrə həyata keçirilə biləcək layihələrdə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını deyib.
Örl Litzenberger Azərbaycan mədəniyyət xadimlərinin tez-tez ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyini, eyni zamanda ABŞ-ın mədəniyyət xadimlərinin də Bakıda keçirilən Caz festivallarında çıxış etdiyini diqqətə çatdırdı.
Görüş iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi ilə davam edib.