Gələn ilin dövlət büdcəsindən koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə vəsait ayrılacaq
Koornavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində, eləcə də özəl və təsərrüfathesablı tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşlarına müəyyən edilmiş (3–5 misli miqdarında) müddətli əlavələrin ödənilməsi üçün 2021-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılıb.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqüında” qanun layihəsində əksini tapıb.
Növbəti ildə yoluxması ehtimal olunan şəxslərin karantin nəzarətinə götürülməsi, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə ölkənin müvafiq bölgələrində quraşdırılmış modul tipli xəstəxanaların və stasionar müalicə tədbirlərinə özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfathesablı tibb müəssisələrinin cəlb edilməsi işləri 2021-ci ildə də davam etdiriləcək. Bütün bunları nəzərə alaraq infeksiya ilə mübarizə üçün zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün növbəti ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.