"Turistlərin sağlamlığının təmin edilməsi üçün ciddi tədbirlər görülüb" - Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi
1365
Türkiyə COVID-19 pandemiyasından daha az zərərlə çıxmaq üçün bir sıra uğurlu tədbirlər həyata keçirməkdədir. Qeyd edək ki, vəziyyətlə əlaqədar olaraq hazırda ölkə əhalisinə bir sıra qadağalar tətbiq olunsa da, turistlər Türkiyədə tam sərbəst şəkildə səfərlərinin dadını çıxara bilərlər. Belə ki, yerli sakinlərə tətbiq olunan həftə sonları küçəyə çıxmaq qadağası tətbiq olunsa da, qadağanın turistlərə aidiyyəti yoxdur. Turistlər əvvəlki illərdən fərqli olaraq insanların seyrək olduğu küçələrdə rahatlıqla dolaşa bilərlər. Yetər ki, tibbi maskadan istifadə etsinlər, tələb olunan gigiyenik qaydalara əməl etsinlər.
Turizm sektoru Türkiyə iqtisadiyyatının, demək olar ki, ana xəttini təşkil etdiyindən, ölkənin bir sıra rəsmi və qeyri-rəsmi qurumları tərəfindən bu sahənin tamamilə tənəzzülə uğramamsı üçün bir sıra proqramlar həyata keçirilir. Bu məqsədlə # SafeTorism, #Safe Toursm Türkiye, #ReadyAndaSafeTürkiye proqramları icra edilir, o cümlədən bir sıra ölkələrdən olan jurnalistlərin Türkiyəyə səfərləri təşkil olunur. Məhz bu proqramlar nəticəsində Türkiyənin turizm sektorunu ayaqda saxlamaq mümkün olub.
Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycandan da bir qrup jurnalist ölkəyə dəvət olunub. Səfər çərçivəsində jurnalistlər Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində olacaq, turizm potensiallı məkanları ziyarət edəcəklər.
Səfərin ilk günündə İstanbulda Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin əməkdaşı azərbaycanlı jurnalistlərlə mətbuat konfransı keçirilib. Pandemiya şəraitində Türkiyənin turizm sahəsində görülən işlərdən danışıb, həmçinin jurnalistləri maraqlandıran sualları cavablandırıb.
TİA-nın əməkdaşının sözlərinə görə, Türkiyə hökuməti bu sahədə proqramların icraasına ötən ilin birinci yarısından, daha dəqiq, 4 may tarixindən başlayıb: “2020-ci ilin aprel ayından başalayaraq, Türkiyənin Turizm və mədəniyyət, Xarici İşlər, Səhiyyə, Daxili İşlər və digər nazirliklərinin birgə iştirakı ilə, turzim sektorunun pandemiya dövrünün tələblərinə uyğun fəaliyyət proqramı hazırlanıb. Həmin proqramlar artıq bir ilə yaxındır ki, icra olunur. Bu məqsədlə ölkəyə gələn turistlərin sağlamlığının və təhlükəsiziliyinin təmin edilməsi üçün ciddi tədbirlər görülüb. Ölkədə fəaliyyət göstərən otellər, turistik məkanlar pandemiya şəraitinin tələblərinə uyğun formada qurulub. Məhz görülən tədbirlərin nəticəsi olaraq, Türkiyəyə pandemiya dönəmində 16 milyon turist səfər edib. Baxmayaraq ki, Avropa Birliyi, o cümlədən bir sıra ölkələr öz vətəndaşlarının Türkiyəyə səfər etməsinə müəyyən üsullarla mane olmağa çalışıb. Ancaq heç bir süni maneə turistlərin Türkiyəyə səfər etməsinə mane ola bilməyib. Xarici ölkə vətəndaşlarının Türkiyəni seçməsi də təsadüfi deyil, çünki Türkiyə turizm sektorunda ən yüksək keyfiyyətli xidmət göstərən ölkələrin önündə gedir. Türkiyədə fəaliyyət göstərən otellər Avropa ölkələrindəki otellərdən qat-qat yüksək keyfiyyətli xidmət göstərir. Ona görə də avropalı turist istirahət üçün məhz Türkiyəni seçir”.
TİA-nın əməkdaşının bildirib ki, Türkiyə artıq növbəti turizm sezonuna hazırlıq işlərinə də başlayıb: “Bu gün bütün turzim sektoru pandemiyanın şərtlərinə uyğun şəkildə fəaliyyət göstərmək üçün hazır vəziyyətdədir. Burada turistin ölkəyə daxil olduğu andan, istirahət edəcəyi məkana və geri dönüşünə qədər bütün xırda detallar öz əksini tapıb. Türkiyəyə gələn turistin pandemiya şərtləri daxilində sağlam və təhlükəsiz istirahəti üçün zəruri bütün addımlar atılıb. Turizm sektoru növbəti sezonda ötən illə müqayisədə qat-qat artıq turistin ölkəyə gəlməsi və onlara keyfiyyətli xidmət göstərilməsi, xüsusən də sağlamlıqlarının, təhlükəsizliklərinin təmin olunması istiqamətində gərəkli tədbirlər həyata keçirilib”.
Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin nümayəndəsi onu da vurğulayıb ki, Türkiyəyə gələn turistlərin COVID sığortası və "Otel konaklama" sığortası etdirmələri məsləhət görülür: “Hazırda Türkiyənin 81 əyalətində pandemiya xəstələri üçün ayrılmış 563 xüsusi xəstəxana fəaliyyət göstərir. Xəstəxanaların əksəriyyəti turizm bölgələrindədir. Türkiyəyə gələn turistlər koronavirus pandemiyasına yoluxacağı təqdirdə belə, əgər xəstəliyi yüngül keçirərlərsə, oteldə karantin müddətini əlavə ödəniş etmədən keçirə bilərlər. Bunun üçün Türkiyəyə gəlmədən öncə otel konaklama sığortasını etdirmələri mütləqdir. Virusu ağır keçirəcəkləri təqdirdə isə xəstəxana şəraitində ödənişsiz müalicə olunmaq imkanı əldə edəcəklər. Bunun üçün isə mütləq ölkəyə gəlməzdən əvvəl COVID sığortası olunmalıdırlar. Hər iki sığortanı etdirmək üçün elə də böyük məbləğdə vəsait tələb olunmur. Turistlərin koronavirusa yoluxacaqaları təqdirdə əlavə xərcə düşməmələri üçün hər iki sığorta məsləhətdir”.
Əlavə edək ki, Türkiyənin daha çox turist cəlb etməsi üçün bir sıra yeni addımlar da atılmaqdadır. Ölkəyə səfər edən qonaqlar yeni mövsümdə həmin yeniliklərin şahidi ola biləcəklər.