İndiyədək "Azəri-Çıraq-Günəşli”dən 455 mln. ton neft, 144,5 mlrd. kubmetr qaz hasil edilib
"Ulu öndər Heydər Əliyevin irəli sürdüyü yeni neft strategiyası Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnologiyanın köməyi ilə hasilatına, xarici bazarlara ixracına, satışına və əldə olunan gəlirlərin cəmiyyətin iqtisadi tərəqqisi üçün yönəldilməsinə imkan yaradıb".
"APA-Economics"in məlumatına görə, bu fikirlər energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində öz əksini tapıb. Nazir qeyd edib ki, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsaslarını formalaşdırıb: "Dünya iqtisadiyyatında enerji ehtiyatlarının istehsalçı və təchizatçılarından biri kimi Azərbaycanın yeri və rolu dəqiqləşdirilərək onun bu sahədəki statusunun daha da inkişaf etdirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirildi. Ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə xarici investisiyaların cəlbi, enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün etibarlı enerji nəqli dəhlizlərinin yaradılması qarşıya məqsəd qoyuldu. 1994-cü il sentyabrın 20-də dünyanın qabaqcıl neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsini nəzərdə tutan və tarixdə “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni səhifə açdı. Çox çətin və mürəkkəb şəraitdə imzalanmış bu saziş ölkənin iqtisadi və siyasi təhlükəsizliyinin də mühüm qarantı oldu. Tarixdə ilk dəfə Xəzərdə beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Yeni texnologiyaların tətbiqi nəticəsində Azərbaycanın neft-qaz hasilatı artdı. Azərbaycanın neft sənayesində başlıca inkişaf əsasən nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının işlənməsi ilə təmin olundu".
P.Şahbazov bildirib ki, işlənmənin əvvəlindən indiyə kimi “Azəri-Çıraq-Günəşli”dən təxminən 455 mln. ton neft, 144,5 mlrd. kubmetr qazın hasilatı da bu yataqlar blokunun əhəmiyyətindən xəbər verir.
"Heydər Əliyev özünəməxsus müdrikliklə onun da fərqində idi ki, Azərbaycanın sözün əsl mənasında müstəqilliyi, öz milli sərvətlərinin sahibinə çevrilməsi, heç bir dövlətin siyasi-iqtisadi asılılığında qalmaması, kifayət qədər gərgin geopolitik regionda yerləşən ölkəmizin bütün xarici təhdidlərə rəğmən xalqımızın milli maraqlarına uyğun balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya bilməsi enerji marşrutlarının şaxələndirilməsindən keçir. Ona görə də neft marşrutlarının alternativliyinə nail olmaq Heydər Əliyevin irəli sürdüyü neft strategiyasının əsas prioritetləri kimi nəzərə çarpırdı. 1999-cu ildə istismara verilmiş Qərb (Bakı-Supsa) ixrac boru kəməri Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk xətt oldu. 1999-cu ildən indiyədək təxminən 84 milyon ton neft nəql etmiş Bakı-Supsa kəməri təkcə ideya olaraq yox, möhtəşəm bir tarixi reallıq kimi də onun ərsəyə gəlməsində böyük qətiyyət göstərmiş Heydər Əliyevin əsəri idi", - deyə P.Şahbazov vurğulayıb.
Nazir əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə yalnız “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunmur, Qazaxıstan, Türkmənistan nefti də bu kəmər vasitəsilə nəql edilir: "Heydər Əliyevin adını əbədiləşdirən bu kəmərlə indiyə kimi ümumilikdə 359 milyon ton neft nəql olunub. Neft satışından əldə edilən vəsait ölkəmizdə infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilib, nəticədə ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafı təmin edilib".
Nazir 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış sazişi Azərbaycanın uzunmüddətli enerji siyasətinə Heydər Əliyevin digər böyük töhfəsi adlandırıb: "Bu saziş dünyada qaz yataqlarına marağın az olduğu və enerji təhlükəsizliyi məsələsinin Avropa üçün xüsusi əhəmiyyət daşımadığı bir vaxtda imzalansa da, illər sonra aktuallıq qazanan enerji şaxələndirməsi, enerji təhlükəsizliyi kimi prioritetlərin burada necə uzaqgörənliklə proqnozlaşdırıldığını zamanla təsdiqlədi. Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan həmin saziş sayəsində ölkəmiz qaz idxalatçısından ixracatçısına çevrildi. Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) qaz ixrac boru kəmərinin çəkilməsinə, bu kəmər əsasında yeni marşrutların tikilməsinə imkan yaratdı".
P. Şahbazov vurğulayıb ki, “Şahdəniz” qaz yatağı istismara veriləndən indiyə kimi təxminən 91,7 mlrd. kubmetr qaz, 23 mln. ton neft hasil olunub. Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) ilə 61 mlrd. kubmetr qaz ixrac olunub.