DİQQƏT! “Kontakt Home” müştəriləri bu cür aldadır - AİB dövlətdən kömək istəyir
Son zamanlar məişət texnikası, eləcə də mobil cihazların sərfəli satışı ilə əlaqədar reklamların sayı artmaqdadır. İlkin ödəniş olmadan, zəmanətlə və ucuz qiymətə satıldığı iddia olunan mallar ilk növbədə müştərilərin diqqətini cəlb etmək məqsədini güdür. Bu da təbiidir. Lakin reklamda bildirilən şərtlərin bir çox hallarda kobud surətdə pozulması istehlakçıların bilərəkdən aldadılması və istehlak hüquqlarının pozulması ilə nəticələnir. Belə neqativ hallarla rastlaşanlar az deyil. Sadəcə reklam şirkətlərinə aldadıldıqlarını bildirmək imkanından məhrumdurlar. Paytaxtın N.Nərimanov rayonu İ.Həsənoğlu 12 ünvanında yaşayan Fərəcova Firuzə Rza qızı da aldadılmışlardandır. O, “Qızıl Zəmanət”lə aldığı, lakin istehsal qüsuru olan 7 Plus 128 GB modelli telefonu uzun müddət yenisi ilə əvəzləyə bilməyib, ancaq əlavə pul ödədikdən sonra telefonu yeniləyib, lakin bu dəfə də aldadıldığını görüb, yəni keyfiyyətsiz telefon aldığının şahidi olub. Ümumiyyətlə, adıçəkilən istehlakçının şikayəti "Kontakt Home" şirkətinin satdığı məhsuldan və yararsız xidmətindəndir. Şikayətçinin qarşılaşdığı problemləri onun öz dilindən sizlərə təqdim edirik:
“28.09.2017-ci il tarixində 14:54-də Nəsimi rayonu Azadlıq prospekti ev 33 ünvanında yerləşən “ABC-Telecom” MMC Əlizadə Daşqın Fərrux oğluna məxsus “Kontakt Home” (Tel: *60 60) mağazasından satıcıdan İphone 7 Plus 128 GB modeli olan mobil cihazı 1 illik Qızıl zəmanət ilə vitrindən 18 aylıq kreditlə almışam. 1640 AZN-lik telefona ilkin olaraq 404 AZN ödədim.
Telefonu aldığımız gündən problemlər aşkar etdik, belə ki, video izləyərkən kadrları 50 dəfəyə qədər geriyə atır.
02.10.2017-ci il tarixində “Kontakt-Home”-dan aldığım məhsulu gətirib Vüqar adlı satıcıya göstərdim, problemi danışdım. O bildirdi ki, account yazılmalıdır. O telefonu gözümüzün önündə açıb account, yəni proqram yazdı. Həmin gün axşam telefonla evdə kino izləyəndə yenidən həmin problemlə qarşılaşdım. 03.10 tarixdə yenidən dükana yollandım, Vüqar adlı satıcıya yaxınlaşdım. Şikayətimi qəbul etmədən məni Nizami metro stansiyasının yanında (Şıxəli Qurbanov 19 ünvanında) yerləşən “Servis Link” texniki serviz mərkəzinə göndərdilər. Orada mən növbə nömrəsini alıb öz növbəmi gözləmişəm. Növbəm çatanda yaxınlaşıb orada işləyən xanıma cihazla bağlı olan şikayətlərimi dedim. Cihazı diaqnostikaya göndərdilər. Təxmini 40 dəqiqə ərzində cihazı mənə qaytarıb dedilər ki, istehsal qüsuru var. Amma bildirdilər ki, proqram yazıb problemi aradan qaldıracağıq. Bunun üçün 3-4 saat vaxt istədilər. Mən razılaşıb cihazı servisdə saxladım. Həmin gün 17:00-da zəng vurub maraqlandım hazırdırmı cihaz?! Dedilər ki, hazırdır, gəlib apara bilərəm. Həmin gün 17:45-də “Servis Link” (Tel : 012 310 10 22)-də cihazı mənə təhvil verəndə əmin etdilər ki, cihaz lazımlı qaydada işləyəcək. Həmin günün gecəsi problemlə yenə rastlaşdım, hətta digər bir problem aşkar olundu. Batareya yükləmə dərəcəsini pis saxlamağa, vaxtından tez qurtarmağa başladı.
Ailə vəziyyətimlə bağlı olaraq səhəri gün gedə bilmədim. 5-6 gün keçəndən sonra (təxminən 8 oktyabr tarixi olardı) təzədən Nəsimi rayonu Azadlıq prospekti ev 33 ünvanında yerləşən “Kontakt Home” mağazasına yaxınlaşdım və onlardan yenə mənə kömək etmələrini istədim. Onlar yenidən məni “Servis Link-ə yolladılar. Orada mən yenə servis işçisinə cihazımda olan və təzə aşkar olunmuş problemləri dedim. Bildirdim ki, video qüsurundan əlavə telefon enerjini saxlamır, tez bitir. Cihazı təzədən diaqnostikaya saxladılar. Təxmini 40 dəqiqə ərzində mənə cihazı qaytarıb dedilər ki, cihazı açdırıb yoxlamaq lazımdı. Amma əmin edə bilmədilər ki, problem yox olacaq. Mən onların təkliflərindən razılaşmadım və cihazı geriyə alıb, Nəsimi rayonu Azadlıq prospekti ev 33-də olan “Kontakt Home”-a qayıtdım. Cihaz normal işləmədiyinə görə aldığım Qızıl zəmanətdə olan təklifləri tələb etdim. Aydın oldu ki, zəmanət talonunda qeyd olunmuş təkliflərdə telefonu dəyişdirmə, qaytarma maddəsi yoxdur. Yalnız təmir bura daxildir. Telefonu eyni həmin modelin yenisi ilə əvəzlənməsini mobil telefonun toplam dəyərinin 30%-ni ödədiyim halda mümkün olduğunu bildirdilər. Qeyd edim ki, mənim birinci telefona ödədiyim aylıq ödənişləri ləğv edib, yeni - eyni modelli telefon üçün 30%-i başdan hesablayacaqdılar. Bizə təklif etdikləri eyni model isə aşağı yaddaş tutumuna malik olduğu ,həm də 30%i lkin ödəniş etməli olduğumuz üçün bu təkliflə razılaşmadıq. Çarəsiz qaldığım anda cihazı yenidən işlətməyə başladım. Amma mən zəmanət talonunun mənə kömək etmədiyi halda özümə lazımsız hesab etdim, ləğv etmək qərarına gəldim .
23.12.2017-ci il tarixində cihazımın kredit ödənişini etdiyim zaman “Kontakt Home”-dan cihazı aldığım Əlizadə Daşqın Fərrux oğlunun yanına yaxınlaşıb zəmanəti ləğv etmələrini istədim. O mənə 24.12.2017-ci il tarixdə zəng vurub zəmanəti ləğv etməyin yollarını deyəcəkdi. Amma həmin gün ondan zəng gəlmədi.
25.12.2017-ci il tarixində Azadlıq prospekti ev 33 ünvanında yerləşən “Kontakt Home” mağazasına gedib, direktorla görüşüb şikayətlərimi dedim və zəmanəti ləğv etməyi istədim. Lakin o imtina edib buna hüququnun olmadığını bildirdi. Şəfayət Mehdiyev 96 ünvanında olan “ABC-Telecom” ofisində işləyən hüquqşünasın qəbuluna yolladı. Həmin günün səhəri 26.12 tarixdə Şəfayət Mehdiyev 96 ünvanında olan “ABC-Telecom”-da işləyən Yusif müəllim adlı hüquqşünasa yaxınlaşıb şikayətlərimi bildirdim. Həmin şəxs, “Kontakt Home”-da işləyən Əlizadə Daşqın, Ağa adlı şəxs və “Servis Link”-də olan işçilər mənim bütün sorğularıma imtina edib hüquqlarının olmadığını bildirdilər. Son anda mənim heç bir şikayətim nəzərə alınmadı və mənə kömək göstərilmədi.
O halda mən 26.12.2017-ci il tarixində Nəsimi rayon Polis İdarəsinə yaxınlaşıb qəbul edilməyən şikayətlərimi söylədim. Polis işçisi bu işlərə baxmadığını dedi”.
Faktla bağlı Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynovla əlaqə saxladıq. Mediapress.az-a açıqlama verən qurum rəhbəri adıçəkilən vətəndaşın onlara şikayət ərizəsi ilə müraciət etdiyini bildirib. Ərizənin sonunda ümidlə belə bir mətnin yazıldığını bildirib: ““Azad İstehlakçılar” İctimai Birliyinin sədri, Cənan Eyyub Hüseynov! Yazıb Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının vətəndaşı olaraq öz hüquqlarımın yerinə yetirməsinə kömək edəsiniz, hər ay ödədiyim pullar geri qaytarılsın (toplam 803AZN),kredit müqaviləsi ləğv olunsun, internet resurslarından aldığım mənfi xarakterli məlumatlar mənim bu şirkətə inamımı azaltmışdır. Qızıl zəmanət üçün əlavə ödədiyim ödəniş isə heç bir əhəmiyyət kəsb eləmir, 4 ay ödədiyim kredit puluna daxil olan zəmanət ödənişi mənasızdır. Məhz ona görə də telefonun dəyişdirilməsini istəmirəm. Xahiş edirəm bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz ki əhali aldadılmasın”.
AİB sonda "Kontakt Home" haqda neqativ fikirlərini bölüşərək bildirib: "Kontakt Home" 2018-ci ildə istehlakçıları inkar edir. Nəzərinizə çatdırılan şikayət əsasında "Kontakt Home" şirkətinin çoxsaylı telefonlarına zəng edib, şikayəti danışıq yolu ilə həll etməyə cəhd etsək də, telefonda heç kim konstruktiv danışıq aparmadı .Köməyi dövlətimizdən gözləyirik. "Azad İstehlakçılar" İctimai Birliyi vətəndaşın ərizəsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, İqtisadiyyat Nazirliyinə göndərmişdir”.
P.S. Problemi diqqətdə saxlayıb yeni məlumatları sizlərə təqdim edəcəyik.