\
23 Noyabr 2024 - Şənbə

"Beer Daha Pub" kafesində hansı qanunlar pozulur?! - Eksklüziv - Süjet - VİDEO

"Beer Daha Pub" kafesində hansı qanunlar pozulur?! - Eksklüziv - Süjet - VİDEO
2708baxış

Azərbaycanda reklam bazarı Reklam haqqında qanun, Mülki Məcəllə və digər qanunvericilik aktları ilə tənzim olunur. Daha doğrusu, belə olduğu düşünülür. Lakin təəssüf ki, bir çox hallarda bu hüquqdan sui-istifadə hallarına rast gəlirik. Bəzi hallarda reklamın mətni həqiqəti əks etdirmir, yəni istehlakçı bilərəkdən aldadılır, digər hallarda isə istehlakçının elementar insan hüquqları pozulur. Daha dəqiq desək, ikinci halda insanlar reklam mətnləri ilə təhqir olunmuş vəziyyətə düşür.

Sosial şəbəkələrdə geniş reklam olunan bir ictimai iaşə obyektində bu cür neqativ halların şahidi olduq. Belə ki, M.Naxçivani 15 küçəsində yerləşən “BEER DAHA PUB” şirkəti təqdim etdiyi məhsulun reklamında mənəvi-etik normaları kobud şəkildə pozaraq, sətiraltı mənaları olan bayağı mətndən istifadə etməklə məşğul olur.

Əvvəla, yaş məhdudiyyəti nəzərə alınmadan spirtli içkilər təbliğ olunur, reklam haqda qanunun 27-ci maddəsinin bütün bəndlərinə zidd olaraq.

İkincisi, reklamın mətni rus şrifti ilə (qeyd: kiril əlifbası) yazılıb. Burada da “Reklam haqqında” qanunun 4.7-ci maddəsi pozulub. Qanunda deyilir: “Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.

Üçüncüsü, qida məhsulu “Nataşadan” adı ilə təqdim olunaraq, istehsalçının “Vurun bədənə” çağırışı ilə təklif edilib.

Göründüyü kimi, adıçəkilən reklamda Nataşa sözü ikimənalı istifadə olunub. Orta və yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, Nataşa sözü əksər dünya xalqlarının lətifələrində və məzəli əhvalatlarında yüngül əxlaqlı xanım kəlməsinin sinonimi kimi götürülür. Bunu reklam mətninə verilmiş atmacalı rəylərdən də görmək olur. Sosial şəbəkə istifadəçilərinin birbaşa istehsalçıya ünvanladıqları çoxsaylı şikayət ərizələrinə baxmayaraq, adıçəkilən məhsulun reklamı hələ də dəyişdirilməyib.

Faktla bağlı Azad İstehlakçılar Birliyinə (qeyd: AİB) müraciət etdik. Qurumun rəhbəri Eyyub Hüseynov məsələdən xəbərdar olduqlarını və diqqətdə saxladıqlarını bildirərək, narahatçılığını dilə gətirib.

Məsələyə aydınlıq gətirmək üçün “BEER DAHA PUB” məkanının inzibatçıı Vüsal müəllimlə də əlaqə saxladıq. 

P.S. Elə isə, niyə qanunvericiliyə əməl etməyək. Qanunlarla yaşamaq və fəaliyyət göstərmək daha asandır, deyilmi?

Könül AYPARA